Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Xəbərlər
8 Dekabr , 2015


 Əli Vəliyev -Yazıçı  115 İlliyi 

 Vəliyev Əli Qara oğlu 1901-ci il-fevralın 28-də indiki Ermənistan SSR Sisyan rayonunun Ağdü kəndində anadan olmuşdur. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmiş və fəal fəhlə-kəndli müxbiri kimi "Kommunist", "Kəndli", "Gənc işçi", "Yeni fikir" qəzetlərinin səhifələrində çıxış etmişdir. 1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Yay pedaqoji kurslarında təhsilini artırmış və Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuşdur. "İnqilab və mədəniyyət", "Hücum", "Ədəbiyyat cəbhəsində" jurnallarında hekayələri çap edilmişdir. 1930-cu ildə "Allahın səyahəti" və "Nənəmin cəhrəsi" kitablarını nəşr etdirmişdir. 1931-ci ildə Azərbaycan Dövlət darülfünunun pedaqoji fakültəsini bitirmişdir. 1933-1934-cü illərdə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmış, "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap edilmişdir. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında "Cəbhə hekayələri" kitabını yazmışdır. 1942-1945-ci illərdə "Kommunist" qəzetinin redaktor müavini işləmiş, "Ərköyün", "Sovqat" kitablarını çap etdirmişdir. 1945-ci ildə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində şərəfli əməyə görə" medalı ilə təltif olunmuşdur. 1945-1950-ci illərdə "Kommunist" qəzetinin məsul redaktoru vəzifəsində çalışmış, "Gülşən" povesti və "Hekayələr" kitabları nəşr edilmişdir. 1950-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ildə "Gülşən" povesti və "Çiçəkli" romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954-1959-cu illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalışmış, həmin illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna dillərində "Çiçəkli" romanı, "Seçilmiş əsərləri"nin 1-ci cildi oxuculara təqdim olunmuşdur. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Rus dilində "Ürək dostları" romanı işıq üzü görmüşdür. 1960-1970-ci illərdə "Seçilmiş əsərləri"nin 2-6-cı cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş "Xalq yazıçısı" monoqrafiyası, "Turaclıya gedən yol", "Budağın xatirələri" (Azərbaycan və rus dillərində) romanları, "Zəngəzur qartalları", "Bir cüt tərlan" povestləri, "Uşaqlara sovqat", "Əziz nəvələrimə", "Anaqız", "Bir cüt ulduz" nağıl və hekayələri çapdan çıxmışdır. 1971-ci ildə anadan olmasının 70 illiyi və sovet ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Lenin ordeni və "Əmək veteranı" medalı ilə təltif edilmişdir. Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına və "Xalq maarifi əlaçısı" döş nişanına layiq görülmüşdür. "Samovar tüstülənir", "Gəncliyimi tapdım" (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə "Turaclıya gedən yol", "Çiçəkli" və "Ürək dostları" əsərlərinə görə Şamxor rayonundakı M.Əzizbəyov adına kolxozun təsis etdiyi "Qızıl oraq" mükafatına layiq görülmüş, "Durna qatarı" oçerklər kitabı nəşr edilmişdir. 1974-cü ildə Azərbaycan SSR xalq yazıçısı fəxri adına layiq görülmüş, "Gənclik" nəşriyyatı 2 kitabdan ibarət "Budağın xatirələri" romanının yeni-tamamlanmış nəşrini çap etmişdir. 1975-ci ildə "Yeni həyat" hekayələr kitabı çapdan çıxmışdır. 1976-ci ildə anadan olmasının 75 illiyi münasibətilə SSRİ Ali Sovetinin Rəyasət heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. "Zamanın ulduzları", "İstedad" (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977-1980-ci illərdə "Qarabağda qalan izlər", "Narahat adam", "Turaclıya gedən yol" (3-cü nəşri) romanları, "Qənirsiz gözəl", "Zamanın ulduzları" (rus dilində) povest və hekayələri, "Şamama Həsənova" oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır. 1981-ci ildə Sovet ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və anadan olmasının səksən illiyi ilə əlaqədar olaraq Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur. 1983-cü ildə vəfat edib.

 ABDULLA ŞAİQ- Yazıcı 135 illiyi 
 (Abdulla Şaiq Mustafa oğlu Talıbzadə)

 

 (1881-1959)

 

Azərbaycanın klassik şairi, yazıçısı, publisist Talıbzadə Abdulla Şaiq 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini şəhər müsəlman məktəbində alan Abdulla 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlir və dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra A.Talıbzadə 1901-ci ildə Bakıya gəlir. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirir.Ötən əsrin əvvələrindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə çalışır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürür.Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görür. Bu illərdə o, "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilir, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.

Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran Abdulla Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazır. Onun "Ədhəm, "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında da milli folklorun təsiri görünür. Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyur.Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olur. O, 1918-ci il mayın 28-də yaranan ADR-i sevinclə qarşılayır. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında Abdulla Şaiqin də adını çəkir.Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışır.Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazır. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.

 Nəriman Həsənzadə- Şair - 85 İlliyi

 (Həsənzadə Nəriman Əliməmməd oğlu)

 Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005), "İlin şairi" makafatı laureatı (2010). Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktori olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir.

 

  Oqtay Sadıqzadə- Rəssam- 95 İlliyi

 (Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu)

 Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də Bakının Novxanı kəndində anadan olub. O, tanınmış ədiblər - yazıçı Seyid Hüseynin və şairə Ümmügülsüm xanımın ailəsində dünyaya göz açıb. Valideynlərini repressiya illərində itirən Oqtay Sadıqzadə gənc yaşlarından rəssamlığa, ədəbiyyata maraq göstərməyə başlayıb. O, 1939-cu ildə Bakı Rəssamlıq Texnikumunu, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirib. O, rəssamlığın müxtəlif sahələrində çalışıb, uzun illər Azərbaycan təsviri sənətinin inkişafına yorulmadan xidmət göstərib.
1977-ci ildə "Əməkdar incəsənət xadimi", 1992-ci ildə "Xalq rəssamı" adına layiq görülüb . "Şöhrət" ordeni (1999), "Şərəf" ordeni (2011) və təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatı (2014) ilə təltif edilib . 
Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. O, tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.                                                                              
Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə 93 yaşında Bakı şəhərində vəfat etmişdir.

 Nəsrəddin Tusi- Filosof- 815 illiyi

 (Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi)

 

 Azərbaycanin görkəmli alimi və dövlət xadimi olan N.Tusi 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olmuşdur. O, cox gözəl təhsil almışdı. Bir çox dilləri öyrənmiş, din , təbiət haqqında elmlərə yiyələnmişdi. N.Tusi riyaziyyatı və təbabəti də gözəl bilirdi.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut” (“Qartal yuvası”) qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur “Şərh əl-İşarat” (Əbu Əli Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256 cı ildə “Ələmut” qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu. N.Tusinin məsləhəti ilə Hülakü xan Bağdada hücum etdi və oranı ələ keçirdi.
Hələ Bağdadda ikən N.Tusi ulduzları müşahidə etmək üçün xüsusi rəsədxananın tikilməsi üçün hökmdardan razılıq almışdı. 1259 cu ildə Marağa rəsədxanasının tikintisinə başlayır. Tusi bütün qiymətli kitabların Bağdaddan Magaraya göndərilməsini tapşırmışdı.Rəsədxana binalarının tikintisi gedən müddətdə başqa şəhərlərdən, ölkələrdən, alimlər dəvət olunurdu. 
Tusi kitabxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Kitabxanada 400 min əlyazması vardı. Marağa rəsədxanası ( Elm və müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi.
Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
İlk əxlaq dərsliyi olan “Əxlaqi- Nasiri” əsəri 700 ildən çoxdur ki,müsəlman ölkələrində dərslik kimi istifadə olunur.
1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.
O dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. 
Ayda dahi astronom N.Tusinin adı ilə adlandırılmış yer vardır.
Dünya şöhrətli alim bütün həyatını , bilik və bacarığını elmə həsr etmiş ,1274 cü ildə Bağdad şəhərində vəfat etmişdi.
Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi,elm ölkəsinin şahı.Dövrün anası belə oğul hələ doğmamışdır”.

 Mədinə Gülgün- Şairə- 90 illiyi

 (Ələkbərzadə Mədinə Nurulla qızı)

 (1926-1991)

 Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-cı ildə ailəlikcə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. Gənc yaşlarından demokratik hərakata qoşulmuşdur. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.

Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Onun poeziyası ildən-ilə, kitabdan-kitaba zənginləşərək, əhatə dairəsi genişlənmişdir. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirləri və mahnıları dillər əzbəridir.O, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. Respublikanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.Mədinə Gülgün 1992-ci ildə fevralın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

 İsmayıl bəy Qutqaşınlı- 210 illiyi-Yazıçı

 

İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir.

 

Atası Nəsrullah Sultan Qutqaşın mahalının son sultanı olmuş, Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin mahalın başçısı təyin edilmişdir. Həmin dövrdə keçmiş xan və bəyləri daima itaətdə saxlamaq üçün çar Rusiyası onların uşaqlarını çar ordusunda zabit kimi əsir saxlayırdı.Nəsrulla sultan Çar Rusiyasın etibar etmirdi. Bu inamsızlıq qarşılıqlı idi. Belə təklif Nəsrullah sultana da gəlmişdir. Qutqaşınşünaslığın banisi Salman Mümtaz "Rəşid bəy və Səadət xanım" hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı" məqləsində yazırdı: "Özünün böyük və görkəmli oğullarını dürlü-dürlü bəhanələrlə evdə saxlayıb aciz və fərsiz zənn etdiyi kiçik yaşlı İsmayıldan çarnaçaq əl-çəkməyə məcbur oldu.Fərsiz nəzərə gələn İsmayıl təhsilini ikmal etdikdən sonra elə bir kamallı, qabiliyyətli igid oldu ki,əqill və bacarıqlı sayılan qohum və qardaşları onun yanında hər bir cəhətdən heç mənziləsində qaldılar" (1)O, 1822-ci ildə rus ordusunda xidmətə başlamışdır.Peterburqda dörd il orada kadet məktəbində oxumuşdur.1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlamışdır.İsmayıl bəy Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1827-1829) müharibələrdən iştirak etmiş, döyüşlərdə fərqləndiyinə görə ordenlərə layiq görülmüşdür.Müharibələr qurtardıqdan sonra o, hərbi xidmətini davam etdirmiş, vəzifəsi ilə əlaqədar bir müddət Varşavada yaşamışdır. O hərbi işi dərindən öyrənmiş, sıravi əsgərlikdən general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1841-ci ildə İ.Qutqaşınlı istefaya çıxmış və öz vətənə qayıdaraq, Qutqaşın və Şamaxıda yaşamış, dərs demişdir.Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda "Bəy kommissiyası"nda işləmişdir.İ.Qutqaşınlı 1852-ci ildə Məkkəyə-Həcc ziyarətinə getmiş, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşamışdır. Elə him ildə general-mayor rütbəsinə yüksəlmişdir. O, 1861-ci ildə Ağdaş mahalında karvansarada yemək yeyərkən Rusiyanin əli ilə ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulmuşdur. Belə ehtima olunur ki, 1854-cü ildə o Anadolu ordusunun baş komandanı Mustafa Zərif Paşadan Azərbaycan və Dağıstanda üsyanlar təşkil etməyə çağıran məktub erməni M.T.Loris-Məlikovun əlinə düşdü. Nəticədə İ.Qutqaşınlı 1855-ci ildən nəzarət altında düşdü. İsmayıl bəy Qutqaşınlı Tutu xanım Bikə ilə birgə Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir.

 

 Sara Aşurbəyli- tarixçi alim- 110 illiyi

 (Aşurbəyli Sara Balabəy qızı )

 Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar. Bu əsər indi Meksika muzeylərindən birində saxlanır. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.Sara Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universiteti nin Fəxri Doktoru adını almışdır.

 

Görkəmli alim 2001-ci il iyulun 17-də 96 yaşında vəfat etmişdir.

 Hökumə Billuri (1926 – 2000)- 90 illiyi-şairə

 Billuri Hökumə İbtahim qızı - şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1984), əmək veteranı (1985)

Hökumə Billuri 3 mart 1926-cı ildə Cənubi Azərbaycanın Zəncan şəhərində dəmirçi ailəsində anadan olmuşdur. “Azəri” orta qız məktəbində təhsil almış (1933-1943), həmin məktəbdə müəllimə saxlanmışdır.Sovet Ordusu İranda olduğu dövrdə ivtimai siyasi fəaliyyətə başlamışdır. Xəmsə vilayət partiya komitəsinin üzvü olmuşdur. İlk şerlərini orta məktəbdə ikən fars, sonra Azərbaycan dilində yazmışdır. Onun Azərbaycan dilində qələmə aldığı ilk şerləri, “Fəhlə”, “Gözlərim”, “Sübh açıldı”, və s.məqalələri 1945-ci ildə “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında çıxmışdır.Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsi təbliğat şöbəsinin sədr müavini və SSRİ ilə İran arasında mədəni rabitə cəmiyyəti Zəncan şöbəsinin sədr müavini , mədəniyyət evi kitabxanasının müdri vəzifəsində işləmişdir.(1945-1946).Cənubi Azərbaycanda inqilabi hadisələrin fəal iştirakçısı olduğuna görə “21 Azər” medalı ilə təltif edilmişdir.1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayır. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olmuş, dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Şerlər” (1955), “Azadlıq baharı” (1963), “İthaf” (1970), “Sənin könül otağın” (1980) və b.kitabları Moskva və Bakıda rus dilində nəşr olunmuşdur.ADU-nun filaloqiya fakültəsini bitirmiş (1952), Azərnəşr ədəbi-bədii şöbədə redaktor işləmiş (1952-1954), sonra Azərbaycan KP MK nəzrində partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. (1954-1956). Bu dövrdə o, iki dəfə Azərbaycan Demokrat Partiyası MK-nın üzvü seçilmişdir.1956-1960- cı illərdə Azərbaycan Demokrat Partiyası MK-nın siyasi orqanı - "Azərbaycan"qəzetinin baş redaktoru vəzifəsində işləmişdir.1960- 1963-cü illərdə Moskvada Sov. İKP MK nəzrində olan ictimai Elmlər Akademiyasını bitirmiş, orada “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda diserrtasiya müdafiə edərək filalogiya elmləri namizədi elmi dərəcəsini almışdır.1964-cü ildən Azərbaycan EA Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində işəlmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və SSRİ medalları ilə təltif edilmişdir.  22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.