Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
15 Sentyabr , 2015

Çarizmin apardığı işğalçı müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülərək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azərbaycanlıları təhdid etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başladılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Azərbaycanlılara qarşı terror və soyqırım Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, Azərbaycan ərazilərinin Ermənista­na verilməsi siyasəti davam etdirildi.

XX əsrin 20-30-cu illərində ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və ərazilərin verilməsi

1920-ci il avqustun 5-də hazırlanmış arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən başlayır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyazitdən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göycə gölünün cənub sərhəd­dində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarısından Göyçə gölünün cənub sahillərinin dağlıq rayonlarından – Qızıl Harava (təxminən 1859) və Ağmahan yüksəkliklərindən keçir, qərbdə İrəvan və Yeni Bəyazit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azərbaycanlıların) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru 3620 yüksəkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı dəmiryolu stansiyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır, Rəncbər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Kars vilayətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədinə doğru gedir.

Ermənistan sovetləşdirildikdən sonra da mərkəzi bolşevik hakimiyyəti çarizm dövründəki siyasəti davam etdirməyə, Azərbaycana məxsus tarixi əraziləri Ermənistana verməyə başladı. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxmayaraq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azərbaycanın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi.

Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun hakimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi. Sayca Azərbaycandakı ermənilərdən çox olmalarına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara muxtariyyət verilmədi. Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azərbaycan ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanıldı.

Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qəzasının Basarkeçər bölgəsi Rusiya imperiyasının müəyyənləşdirdiyi sərhədlərində və Şərur-Dərələyəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. ZSFSR-ə qəbul edildikdən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bəzi kəndləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci illərdə Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet dövründə yalnız 86,6 min kv.km qaldı.

Ermənistan Azərbaycan ərazilərinə yiyələnməklə yanaşı tarixi torpaqlarında yaşayan azərbaycanlıların qovulmasını da davam etdirirdi. Ermənistan hökuməti əvvəlki illərdə tarixi torpaqlarından qovulan azərbaycanlıların daimi yaşayış yerlə­rinə qayıtmalarına torpaq çatışmazlığı bəhanəsi ilə qəti şəkildə etiraz edirdi. Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Komissiyasının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət Heyətinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazaraq qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qaytarılması böhranlı vəziyyət yaradar, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu hesabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınların Azərbaycan SSR-in Qubadlı rayonundan geri qaytarılaraq daimi yaşayış yerlərinə yerləşdirilməsinə yerli hakimiyyət or­qanlarının mane olmasına dair məsələ hətta ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Komissiyasının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da keçirilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: “Ermənistan SSR-də sərbəst torpaq fondu olmadığı üçün Ermənistan SSR-dən olan və hazırda Azərbaycan SSR Naxçıvan diyarı ərazisində olan 28 min nəfər müsəlman (azərbaycanlı – M.Q.) qaçqını yerləşdirmək Azərbaycan SSR hökumətinə tövsiyə olunsun”. Beləliklə, Zəngəzurdan qovulmuş və tarixi torpaqlarına qayıda bilməyən azərbaycanlıları Azərbaycan hökuməti respublika ərazisində yerləşdirdi.

Sovet hökuməti ermənilərin azərbaycanlı torpaqlarında məskunlaşdırılması və Azərbaycan ərazilərinin Ermənistana verilməsini SSRİ yaradıldıqdan sonra da davam etdirdi. Ermənilərin Cənubi Qafqaza gətirilərək məskunlaşdırılmasında bir mərhələni Lozan konfransından sonrakı dövr təşkil etdi. Konfransda iştirak edən RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 1923-cı ilin yanvarında Beynəlxalq Erməni Cəmiyyətinə göndərdiyi məktubda erməniləri sovet hökumətinin qəbul etməyə hazır olduğunu bildirdi. Rusiya, Ukrayna və Gürcüstan nümayəndə heyətləri məsələyə dair Lozan konfransının sədrinə verbal nota göndərdilər. G.Çiçerin yanvarın 27-də Lozandan müavini Mixail Litvinova gön­dərdiyi məktubda ermənilərə ərazilər vermək barədə bəyanatın Beynəlxalq Erməni Cəmiyyətinə təqdim edildiyini yazırdı. Onun fikrincə, sovet hökumətinin erməniləri köçürmək üçün vəsaiti çatışmadığı üçün bu işdə ermənilərin mühacirətinə maliyyə yardımı və nəqliyyat ayıran təşkilatlar iştirak etməli idilər.

Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən Xalq Torpaq Komissarlığının iclasında 200 min nəfərdən çox olmamaq şərti ilə erməninin SSRİ ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi. G.Çiçerinin təklifi əsasında RK(b)P MK Siyasi bürosunun 1923-cü il noyabrın 22-də keçirilən iclasında (protokol № 47) “Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müzakirə edildi. Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hüdudlarında qəbul edilməsinə etiraz olunmurdu. Beləliklə, Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi.

Həmin ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il sonra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət Heyətinin iclas qərarına uyğun olaraq (protokol № 12) ermənilər Naxçıvana yerləşdirildi.

1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təşkilatçılarından biri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

DQMV-nin təşkili Lenin və Stalinin ermənilərə və Azərbaycan xalqına olan münasibətinin göstəricisi idi. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılardan sayca az olmalarına baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ regionundakı ermənilərə muxtariyyət verilməsi “parçala və hökm sür” siyasətinin konkret təzahürü idi.

Bu zaman Cənubi Qafqaz respublikaları arasında bir sıra ərazi mübahisələri mövcud idi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin məsləhətçisi M.Skiditski 1927-ci il sentyabrın 21-də Tiflisdə hazırladığı “Zaqafqaziya respublikaları arasında hansı ərazi iddiaları olmuşdur?” adlı arayışda yazırdı: “Azərbaycan və Ermənistan arasında ümumi ərazisi 17816 desyatin olan 61 sahədə mübahisələr olmuşdur. Bunların 6750 desyatin ərazisi olan 46-sı üzrə Zaqafqaziya MİK-in yekun qərarı qəbul edilmişdir. Bu qərara əsasən 3050 desyatin ərazi Azərbaycan SSR-in, 3700 desyatin ərazi isə Ermənistan SSR-in tərkibinə daxil edilmişdir”.

Ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus ərazilərdə yerləşdirilməsi 30-cu illərdə də davam etdirildi. Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi (ÜİK (b) P MK) Siyasi bürosunun 1931-ci il 10 may tarixli iclasında (protokol № 37) ermənilərin ZSFSR-ə gətirilməsi haqqında məsələ gündəliyin 25-ci maddəsi kimi müzakirə edildi. Lakin təxirə salındı. Ancaq bir müddət keçmiş bu məsələ Siyasi büronun iyunun 16-da keçirilən iclasında (protokol № 43) yenidən müzakirəyə çıxarıldı. Məsələ barədə tam məxfi qərar qəbul edildi. SSRİ Xalq Xarici İşlər Komissarlığı (XXİK) 1932-ci il martın 14-də 263 №-li tam məxfi məktubla ZSFSR MİK-ə müraciət edərək Türkiyədən gələn ermənilərin vətəndaşlığa qəbul edilməsini tövsiyə etdi. Bu barədə vəsatət hələ 1928-1929-cu illərdə qaldırılmışdı. ZSFSR MİK katibi Həmid Sultanov Azərbaycan SSR MİK İşlər İdarəsinə 1932-ci il martın 27-də 479-s №-li məxfi məktub göndərərək Türkiyə ermənilərinin “SSRİ vətəndaşlığına qəbul edilməsi məsələsini təcili həll etmək üçün sizin sərəncamınızı xahiş edirik” – deyə yazdı. Qərarlar yerinə yetirildi.

1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Onların nümayəndələri Gürcüstan K(b)P MK-nın birinci katibi Lavrentiy Beriyaya və ZSFSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova mayın 22-də teleqram göndərərək yad ölkədən yeni vətənə (kursiv bizimdir. Sənəddə belə də yazılmışdır. – M.Q.) gəldiklərinə şərait yaradıldığı üçün təşəkkür etdilər.

Xarici ölkələrdən gətirilən ermənilərin yaşayışını təmin etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması barədə “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı arayışda yazılırdı: “Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı.

İkinci dünya müharibəsindən sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları

Ermənilərin məskunlaşdırılması və Azərbaycana qarşı əsassız ərazi iddialarında yeni bir mərhələni İkinci dünya müharibəsindən sonrakı illər təşkil edir. Bu dövrdən etibarən erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərməyə başladılar. Onlar sovet rəhbərliyinin göstərişi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdülər. Lakin Türkiyə hökuməti əsassız iddiaları qətiyyətlə rədd edərək torpaq vermədi.

Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Muxtar Vilayətinə iddia irəli sürdü. Onun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Qeorgiy Malenkov 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK katibi Mircəfər Bağırova göndərib Ermənistan K(b)P MK-nın təklifi haqqında fik­rini bildirməsini istədi. M.Bağırov 1945-ci il dekabrın 10-da 330 №-li məktubla ona cavab verdi. 5 səhifədən ibarət olan bu məktubda Q.Arutunovun əsassız iddiaları rədd edilirdi.

Sovet rəhbərliyi əsassız erməni iddialarını rədd etsə də onların digər istəklərini yerinə yetirdi. 1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz rayonu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi.

Türkiyədən ərazilər və Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbərliyi xarici ölkələrdən ermənilərin köçürülüb məskunlaşdırılması məsələsini sovet hökuməti qarşısında qaldırdı. Sovet rəhbərliyi bu təklifi bəyəndi.

Lakin ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait yox idi. Buna görə də M.Bağırov və Q.Arutunov 1947-ci ilin dekabrında İ.V.Stalinə məktubla müraciət etdilər. Onlar son illərdə Azərbaycan və Ermənistanın təsərrüfat həyatında baş verən dəyişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində fikir mübadiləsi edilməsi nəti­cəsində Stalin qarşısında məsələ qaldırdılar. Bildirdilər ki, Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağlı olaraq yeni suvarılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac yaranmışdır, həmçinin pambıq istehsalının çoxaldılması Azərbaycanın bu rayonlarında əhalinin artırılması məsələsini irəli sürməyi zəruri edir. Onlar bu məsələnin real həllini Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlı əhalinin həmin rayonlara köçürülməsində gö­rürdülər. Belə hesab edirdilər ki, azərbaycanlı əhalinin köçürülməsi xarici ölkələrdən Ermənistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yaxşılaşdırar, boşalmış torpaq sahələrindən və mənzillərdən xarici ölkələrdən ermənilər köçürülən zaman istifadə edilə bilərdi.

Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov Stalindən aşağıdakı məsələlərə sanksiya verilməsini xahiş edirdlər: 1.Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi və boşalan torpaqların və mənzillərin xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi. 2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər Sove­tinə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq, həmçinin köçürlümənin həyata keçirilməsinə rəhbərlik etmək üçün birgə komissiya yaradılmasına icazə verilməsi. 3. Bu tədbirlə bağlı xərclərin İttifaq büdcəsindən maliyyələşdirilməsi.

Kommunist Partiyası ilə fərqli ideologiya olmasına baxmayaraq, Daşnaksütyun Partiyasının 1947-ci ildə keçirilən qurultayının qəbul etdiyi 6 bənddən ibarət qərarda repatriasiya sovet hakimiyyətinin erməni diasporunu parçalamağa yönəldilən aktı kimi qiymətləndirməklə yanaşı, mühüm və siyasi iş kimi dəyərləndirilir, erməni məsələsinin digər tərəf­lərinin uğurlu həlli zərurəti ilə bağlanır, kütləvi repatriasiyanın xüsusən erməni torpaqlarının azad edilməsi və Ermənistan sərhədlərinin genişləndirilməsi ilə əlaqədar olduğu (kursiv bizimdir. – M.Q.) yazılırdı.

SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına köçürülməsi haqqında qərarlar qəbul etdi. Bu qərarlara uyğun olaraq 1948 və 1953-cü illər ərzində 100 mindən artıq azərbaycanlı zorla tarixi torpaqlarından Azərbaycan SSR-in Muğan və Mil çöllərinə köçürüldülər. Xaricdən gətirilən ermənilər isə Ermənistandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərinə yerləşdirildilər.

Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Belə ki, xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi. Onlar Cənubi Qafqazda qatı millətçilik və xalqlar arasında düşmənçilik hisslərini qızışdırırdılar. Ermənistanda millətçi qrup və təşkilat­ların fəaliyyəti güclənirdi.70-ci illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində milli münaqişəni qızışdır­mağa cəhd etsə də, onun qarşısı alındı.

Ermənistanın Azərbaycana qarşı yeni əsassız ərazi iddiası: Kəmərli hadisəsi

1984-cü ildə Ermənistan rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndinin 1675 ha torpaq sahəsinə iddia irəli sürdü. Bu ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex kəndi ilə Qazax rayonunun Kəmərli kəndi arasında yerləşirdi. Kəmərli əhalisi erməni iddialarını dayandırmaq üçün rayon rəhbərliyinə, Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdilər. Hətta ilin oktyabr ayının birinci yarısında Moskvaya üç nəfərdən ibarət nümayəndə heyəti də göndərmişdi. Onlar Sov.İKP MK-ya müraciət etsələr də nəticəsi olmamışdı.

Oktyabrın 24-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Ermənistan KP MK Noyemberyan rayon partiya komitəsinin katibi P.Mamyan Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəldilər. Onların Ermənistanın əsassız iddia etdiyi meşə massivinə baxmaq istəyi kənd əhalisini hiddətləndirmişdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan kənd sakinləri kənddən təxminən 3,5 km aralıda maşınları qarşılayaraq etirazlarını bildirdilər. Torpaqların verilməsinin səbəblərini soruşdu. Ş.Rasizadə bu ərazi barədə iki respublika nümayən­dələrindən ibarət yaradılacaq komissiya tərəfindən son qərar veriləcəyini dedi. Əhali onları belə bir rəsmi aktı imza­lamağa məcbur etdilər: «Torpaq Kəmərli kəndinə məxsusdur və ondan alınmayacaqdır». Tələb yerinə yetirildikdən son­ra əhali onları kənddən qovdu.

Yaranmış vəziyyət Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında “Qazax rayonunun Kəmərli kən­dində münaqişə haqqında” adı altında müzakirə edildi. İclası açan MK-nın birinci katibi Kamran Bağırov bildirdi ki, baş verən münaqişə yerli əhali arasında qeyri-sağlam millətlərarası münasibətlərin, uzun müddət yığılıb qalmış qarşılıqlı əra­zi iddialarının nəticəsidir. K.Bağırov məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etiraf etdi: “… Sov. İKP MK bizim qarşımızda məsələni həll etmək və geniş planda həll etmək vəzifəsini qoymuşdur”.

Müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi. Mərkəzi hakimiyyət Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.

Ermənistan Azərbaycana qarşı hərbi müdaxilə astanasında

Şirnikləşən erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərirdilər. Ermənistan rəhbərliyi 80-ci illərin ortalarında xa­rici ölkələrdən ermənilərin Ermənistana köçürülməsi məsələsini qaldırdı. Sovet hökuməti bu təklifi bəyənərək 1985-ci il iyunun 20-də «1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında» qərar qəbul etdi. Bununla kifayətlənməyən Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan 1986-cı ilin noyabr ayınd­a Sov.İKP MK-ya bir məxfi məktub yazaraq göstərdi ki, Ermənistanda sovet hakimiyyəti qurulduğu ilk illərdən Sov.İKP MK-nın qərarları ilə müxtəlif xarici ölkələrdən ermənilərin repatriasiyası həyata keçirilmiş, sovet hakimiyyəti illərində Ermənistan SSR-ə xaricdən 230 min nəfərdən çox erməni gətirilmişdir. K.Dəmirçiyan, məlumata görə, Yaxın və Orta Şərq ölkələrində (İran, Suriya, Livan, İraq, İordaniya) yaşayan ermənilər içərisində Ermənistan SSR-ə daimi yaşamaq üçün gəlmək istəyənlərin olduğunu qeyd edirdi. Məktubun sonunda o, “repatriasiyanın mühüm siyasi əhəmiyyətini nə­zərə alaraq Ermənistan KP MK və SSRİ Nazirlər Sovetinin 1985-ci il 25 iyun tarixli “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərarının fəaliyyət müddətinin 1990-cı ilin sonunadək uzadılmasını” xahiş edirdi. Məktubla tanış olan Sov.İKP MK katibi Y.Liqaçov 1986-cı il 22 noyabr tarixdə “MK-ya təklif hazırlayın” dərkənarı yazaraq MK-nın şöbə müdirləri N.İ.Savinkinə və Y.Z.Razumovskiyə göndərdi. Sov.İKP MK-nın inzibati orqanlar şöbəsinin müdiri N.Savinkin və MK-nın partiya-təşkilat işi şöbəsinin müdir müavini N.Zolotaryev 1987-ci il mayın 7-də MK-ya müvafiq məxfi məktubla müraciət etdilər. Məktubda deyilirdi ki, Sov.İKP MK-nın şöbələri tərəfindən sovet əhalisi içərisində mühacirət əhval-ruhiyyəsinin olması barədə təkliflər hazırlanmışdır. Bu materiallarda ermənilərin SSRİ-yə repatriasiya edilməsi barədə məsələyə də toxunulurdu. Qeyd edilənləri nəzərə alaraq Ermənistan KP MK-nın müraciətinə yuxarıda göstərilən bütün materialın müzakirəsi zamanı son olaraq baxılm­ası tövsiyə olundu.

Qeyd etmək lazımdır ki, SSRİ-yə köçmək istəyən ermənilər qatı millətçilər, daşnaklar idi. Onlar özləri ilə milli münasibətlər baxımından SSRİ-nin ən zəif yer olan Cənubi Qafqaza qatı millətçilik, düşmənçilik və kin-küdurət gətirdi­lər. Bu zəncirdə ən zəif həlqə erməni – azərbaycanlı münasibətləri idi.

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və təcavüzünün başlanması

1980-ci illərin ortalarından etibarən Sovet İttifaqının daxilində baş verən mürəkkəb və ziddiyyətli proseslərdən istifadə edən Ermənistan SSR Azərbaycan SSR-in daxili işlərinə müdaxilə edərək coğrafi-siyasi, etnik-mədəni, tarixi baxımdan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı ilhaq etmək üçün əsassız iddialar irəli sürdü. SSRİ rəhbəri M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də “Humanite” qəzetində dərc edilmiş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əlaqəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə M. Qorbaçovun razılığını aldığını bildirdi.

1988-ci ilin fevral ayının əvvəllərində Ermənistandan bir qrup adam Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Fevralın 11-də isə Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı.

Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti doğurmamışdı. Azərbaycan daim Dağlıq Qarabağ regionunun sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirmişdi. Münaqişə Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi nəticəsində yarandı.Hələ 80-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər respublika rəhbərlərinin himayəsi altında yarımleqal şəraitdə odlu silahlar, partlayıcı maddələr istehsal edərək Dağlıq Qarabağ regionuna göndərir, qanunsuz silahlı birləşmələri silah və sursatla, rabitə vasitələri, o cümlədən nəqliyyatla təmin edirdilər. Münaqişənin dərinləşməsinə SSRİ-nin dağılmasında maraqlı olan dövlətlərin milli münasibətləri qızışdırması da təsir etdi.

1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Ermənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildi. Bundan bir gün sonra, fevralın 21-də Sov.İKP MK “Dağlıq Qarabağda hadisələr haqqında” qərar qəbul etdi. Qərarda regionda milli-ərazi quruluşunun dəyişdirlməsi hərəkətlərinin və tələblərinin millətlərarası münasibətlərə ziyan vurduğu, konstitusiyaya zidd olduğu qeyd edilirdi. Azərbaycan KP MK bürosu fevralın 22-də həmin qərarı müzakirə edərək vəziyyəti normallaşdırmağı və vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri işləyib hazırlayaraq təqdim etməyi Dağlıq Qarabağ vilayət partiya komitəsinə tapşırdı.

Bu qərarlar yerinə yetirilməmiş Dağlıq Qarabağda ilk qan töküldü. DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü. Onlar münaqişənin ilk qurbanları oldular.

Bu zaman Ermənistandan kütləvi surətdə qovulan azərbaycanlılar əsasən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Evsiz-eşiksiz qalan və yaşamaq hüququndan məhrum olan azərbaycanlılardan fərqli olaraq ermənilər Azərbaycanda sakitcə yaşayır və işləyirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi də əhalini hiddətləndirmişdi. Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda təxribat törədildi. İğtişaşlarda 32 nəfər öldü. Onlardan 24-ü erməni, 5-i azərbaycanlı idi. İstintaq materiallarından aydın olur ki, Sumqayıt hadisəsi əvvəlcədən müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı. Ermənilər qabaqcadan giriş qapılarında işarə qoyulmuş mənzillərə hücum etmişdilər. Öldürülən ermənilər qatı millətçi erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Hadisələrdə şəhərin qeyri-yerli əhalisin­dən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər. Bu hadisələrin təşkilatçılarından biri ermənilərin qətli və qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qriqoryan idi. Onun qurbanlarının hamısı ermənilər idi.

Sumqayıt hadisəsi Sov.İKP MK Siyasi bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını, ermənilərdən mitinqləri dayandırmaq, silaha sarılmaq və türkələrə qarşı hücuma keçmək çağırışları edildiyini, mitinqlərdə bütün çıxışlarda əsas mövzunun Qarabağ və onun Ermənistana birləş­dirilməsi olduğunu dedi. O, Dağlıq Qarabağın yeni rəhbərinə Ermənistandan zəng edərək “sizin üçün bütün Ermə­­nistanı ayağa qaldırmışıq, bəs siz nəyi gözləyirsiniz” dediklərini bildirdi. Daha sonra vurğuladı ki, Ermənistanda deyirlər, elə etmək lazımdır, Stepanakertdə mitinq ocağı sönməsin. M.Qorbaçov Stepankertdə onsuz da Ermənistandan gələn təlimat və əlaqə ilə hərəkət edildiyinin açıq-aydın göründüyünü dedi.

Sumqayıt hadisəsi bir müddət sonra, mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi K.Bağırovun sədrliyi ilə MK bürosunun iclasında geniş müzakirə edildi.“Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında”, “1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında” qərarlar qəbul edildi.

Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistandan millətçi şəxslər DQMV-ə gələrək vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılması üçün yüksək dairələrə müraciət etmək, Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndə göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular.

Ermənistan və Azərbaycan arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi, DQMV-dəki problemləri öyrənmək barədə qərar qəbul olundu. Müşavirədən irəli gələn vəzifələr martın 13-də Azərbaycan KP MK bürosunun iclasında müzakirə edildi, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq Vilayət Partiya Komitəsinə tapşırıldı, vəziyyəti normallaşdırmaq üçün təşkilati-siyasi tədbirlər planı təsdiq olundu.

Yaranmış vəziyyət Sov.İKP MK Siyasi bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında müzakirə edildi. M.Qorbaçov Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyanın Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini vurğulayaraq hərəkətlərini qızışdırıcılıq kimi qiymətləndirdi.Erməni ekstremistlərinin planlarının Azərbaycan və erməni xalqlarının maraqlarına zidd olduğunu söyləməyin, Yerevandakı “Qarabağ” komitəsinin iç üzünü, şüarlarını, kimə xidmət etdiyini göstərməyin vacibliyi vurğulandı.

Qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistandan azərbaycanlıların qovulması və Azərbaycanın daxili işlərinə müdaxiləsi dayanmadı. Belə bir şəraitdə, 1988-ci il may ayında Azərbaycan KP MK-nın birinci katibi K. Bağırov vəzifəsindən azad edildi. Bu vəzifəyə Azərbaycandan kənarda yaşamış Əbdürrəhman Vəzirov gətirildi. Ermənistanda isə vəzifəsindən azad edilmiş Karen Dəmirçiyanın əvəzinə Suren Arutunyan seçildi.

Lakin böhran daha da dərinləşdi. Ermənistandan azərbaycanlıların qovulmaları dayanmadı. Qovulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; “Ermənistandan rədd olun” şüarları; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət edilməməsi və təhqir olunmaları; Ermənistanın partiya və sovet orqanlarının azərbaycanlıların şikayətlərinə baxmaması.

Ermənistan SSR Ali Soveti iyunun 15-də keçirilən iclasında DQMV Sovetinin yuxarıda göstərilən müraciətinə baxaraq DQMV-nin Ermənistan tərkibinə daxil olmasına razılıq verdi, vilayətin Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək haqqında Bakı və Moskvaya müraciət etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti 1988-ci il iyunun 13 və 17-də qəbul etdiyi qərarlarda SSRİ konstitusiyasının 78-ci və Azərbaycan SSR konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və qeyri-mümkün olduğunu bildirdi.

İyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq De­putatları Sovetinin bu qərarının qanunsuz və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qəbul etdiyi qərarda Ermənistan və Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyini bildirdi. Belə ki, SSRİ konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi.

Bu qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistan müdaxiləsini davam etdirir, DQMV-də müəssisələr işləmirdi. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edildi.

Ermənistanda isə azərbaycanlıların qovulması daha da artdı. Azərbaycanlılar DQMV-dən də zorla qovulmağa başlanmışdılar. Belə ki, Stepanakert, Əsgəran, Martuni və Hadrut rayonlarından Şuşa, Ağdam və başqa rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı köçkün ailəsi gəlmişdi.

Belə bir zamanda, 1988-ci il dekabrın 7-də Ermənistanda zəlzələ baş verdi. Nəinki Azərbaycandakı, hətta Ermənistan­­dan qovulan azərbaycanlılar ermənilərə yardım toplayaraq göndərdilər. Bakıdan humanitar yardım aparan təyyarə Ermənistan səmasında qəzaya uğradıldı. Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün çalışan xarici ölkələrin xilasedicilərinin rastlaşdığı bir fakt təyyarə qəzasından daha dəhşətli idi. Onlar qaz borularının içində bir neçə azərbay­canlı uşağın meyidini tapdılar.

Azərbaycanın hüquqlarını kobudcasına pozan SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq Arkadi Volskinin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsini yaratdı. Sov.İKP MK Siyasi bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Onun fəaliyyəti dövründə ermənilər Azərbaycan dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa başladılar.

Ermənistanın hərəkətlərinə cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR-in suverenliyi haqqında konstitusiya qanununu qəbul etdi. Azərbaycanın etirazları nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi, SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsi yaradıldı. Ermənistan rəhbərliyi bu qərara etiraz etdi. Ermənistanda qurulan Erməni Milli Hərəkatı hərəkatının məqsədi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Azərbaycanda isə Xalq Cəbhəsi quruldu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Dekabrın 2-də Azərbaycan parlamenti Ermənistan parlamentinin Dağlıq Qarabağa dair bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyaya zidd qurumun yaradılmasına yönəldilmiş açıq cəhdi olan bu qərarının hüquqi əsası olmadığını bəyan etdi.

Bu zaman Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Azərbaycanlılar Ermənistanda tarixi torpaqlarında yaşadıqları 172 kənddən qovuldular. Onlar əmlaksız və evsiz-eşiksiz qaldılar.

Ermənistan Azərbaycana qarşı təcavüzkarlığını ört-basdır etmək üçün DQMV-də “erməni xalqı”nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geriliyi barədə əsassız mülahizələr irəli sürürdü. Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Yanva­rın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti etiraz edərək “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qəbul etdiyi qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi.

Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan adamların problemlərinin həllini tələb edirdi. Bu tələbləri yerinə yetirə bilməyən Azərbaycan hakimiyyəti orqanları fəaliyyətsiz hala düşmüşdülər. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxır, bölgələrdə də vəziyyət gərginləşirdi. Belə bir şəraitdə bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları hakimiyyəti ələ keçirdilər. Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Etirazları yatırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda və Azərbaycanın müxtəlif yerlərində dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində yüzdən çox adam öldürüldü, yüzlərlə adam yaralandı. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Ayaz Mütəllibov gətirildi. 20 yanvar hadisəsi sovet hakimiyyətinin və­təndaşlarına qarşı törətdiyi ağır cinayəti olmaqla SSRİ siyasi sisteminin böhranını və M. Qorbaçovun yenidənqurma siyasətinin iflasını göstərdi, Azərbaycan xalqının həyatında dönüş mərhələsi oldu. Azərbaycan xalqının mərkəz ilə yolu artıq bir ola bilməzdi.

Belə bir şəraitdə Ermənistan silahlı qrupları təkcə Dağlıq Qarabağda deyil, Azərbaycan ilə sərhəd rayonlarda da azərbaycanlı əhaliyə qarşı hücumları genişləndirirdi. Təkcə 1990-cı il martın 24-də Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərinə hücum edən Ermənistan silahlı dəstələri 9 nəfəri öldürdülər. Bağanıs Ayrım kəndində 7 nəfər dinc sakini diri-diri yandırmaqla və doğramaqla qətlə yetirdilər.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il 3 aprel tarixli qərarı ilə Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğunu bəyan etdi. 1991-ci il martın ortalarında Sovet İttifaqı Teleqraf Agentliyi sovet hökumətinin mövqeyini bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bir daha bildirdi.

Baş verən hadisələrin nə qədər təhlükəli olduğunu dərk edən SSRİ rəhbərliyi müəyyən addımlar atdı. 1991-ci ilin aprelində SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları DQMV-dən kənarda, erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmiş Azərbaycanın Xanlar rayonunun Çaykənd kəndində silahlı qrupları həbs etdi. Məhz buradan qonşu kəndlər və yollar mütəmadi olaraq bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli azərbaycanlı sakin erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdi.

Ermənistanın təcavüzünü dayandırmaq təşəbbüsləri

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olun­muş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdudlarında elan etdi. Bundan bir neçə gün sonra, sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayət və Şaumyan rayon Xalq Deputatları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çərçivəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın qurulduğu bəyan edil­di. Qondarma “DQR”-in elan edilməsi Azərbaycan və SSRİ qanunlarına zidd olub, Ermənistanın təcavüzkarlığını ört-basdır etmək məqsədi güdürdü.

Bu zaman münaqişənin nizamlanması üçün ilk təşəbbüslər edildi. RSFSR prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev regiona səfər etdilər. 1991-ci il sentyabrın 20-24-də Jeleznovodskda Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan prezidentləri görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdilər. Sen­tyabrın 23-də RSFSR, Qazaxıstan, Ermənistan və Azərbaycan prezidentlərinin imzaladıqları bəyannaməyə görə, Dağlıq Qarabağda silahlı dəstələr tərksilah edilməli, yerli hökumət yenidən təşkil edilməli, Ermənistan ilə Azərbaycan arasında yüksək səviyyəli görüşlərin keçirilməsi davam etdirilməli, atəşkəs elan olunmalı, SSRİ Daxili İşlər Nazirliyinin bölmələri və SSRİ ordu hissələri çatışma bölgəsindən çəkilməli, Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu elan edən qərarını, bunun müqabilində də SSRİ Ali Soveti Dağlıq Qarabağa dair qəbul etdiyi qərarları ləğv etməli, Ermənistan və Azərbaycan tərəfləri qarşılıqlı olaraq girovları azad etməli idilər. Bu görüşdən sonra atəşin dayandırılmasına dair Moskvada protokol imzalandı. Buna baxmayaraq, Ermənistan Dağlıq Qarabağ regionuna hərbi sursat və silah göndərməyi, azərbaycanlılara qarşı silahlı hücumları davam etdirirdi.

Belə bir şəraitdə, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edildi. Ermənistan isə hərbi təcavüzünü daha da genişləndirdi. Noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kənd səmasında Azərbaycanın dövlət və siyasi xadimlərinin olduğu vertolyot erməni silahlıları tərəfindən vuruldu. Vertolyotdakılar həlak oldular. Ermənistan sülh prosesini pozdu. Azərbaycan tərəfi 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini ləğvi etdi.

Bu zaman SSRİ mövcudluğunun son günlərini yaşayırdı. 1991-ci il dekabrın 8-də Minsk yaxınlığında Belovejskoe Puşedə Rusiya, Ukrayna və Belarus prezidentləri görüşərək 1922-ci il İttifaq müqaviləsinin fəaliyyətini dayandırdılar. Dekabrın 10-da isə Dağlıq Qarabağ regionundakı ermənilər Ermənistanın bilavasitə müdaxiləsi altında saxta “referendum” keçirərək “Dağlıq Qarabağın SSRİ tərkibində müstəqil bir respublika olması” üçün səs verdilər. Azərbaycanlılar bu “referendum”da iştirak etmədilər. Bu zaman artıq SSRİ adlı bir dövlət mövcud deyildi. Dekabrın 21-də yaradılması elan edilən Müstəqil Dövlətlər Birliyi Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasını dayandıra bilmədi.Ermənistanda yerləşən keçmiş sovet ordusunun komandirləri silah və sursatı erməni dəstələrinə verərək Azərbaycan əleyhinə silahlandırdılar.

Beləliklə, SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi iki müstəqil dövlət arasında qanlı münaqişəyə və açıq müharibəyə çevrildi.

Ermənistanın təcavüzünü dayandırmaq məqsədi ilə Azərbaycan 1992-ci il yanvarın 13-də BMT-yə müraciət edərək Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının dörd ildən bəri davam edən və cəzasız qalan təcavüzünü pisləməsini xahiş etdi, Dağlıq Qarabağ regionunda qanunsuz hakimiyyət strukturları yaratmaq və Azərbaycan Respublikasının ərazisinin bir hissəsini qoparmağa yönəlmiş fəaliyyətinin təcavüz və dövlət terrorizmi xarakteri daşıdığını qeyd etdi.

1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-ə üzv qəbul edildikdən bir müddət sonra, fevralın 12-18-də regiona səfər edən nümayəndə heyəti bir hesabat hazırladı. Hesabatda 1987-ci ildən etibarən münaqişənin təkamülü, baş verən hadisələr, ayrı-ayrı dövlətlərin mövqeləri, sülh təşəbbüsləri əksini tapmış, görüləcək işlər barədə tövsiyələr verilmişdi.

Ermənistan isə Azərbaycan ərazilərinin işğalını ən qəddar üsullarla genişləndirirdi. Bu qəddarlığın ən yüksək nöqtəsi strateji əhəmiyyət daşıyan Xocalı şəhərində törədilən soyqırım oldu. Şəhərdə Dağlıq Qarabağda yeganə olan hava limanı yerləşirdi. 1992-ci il fevralın 26-27-də Ermənistan silahlı birləşmələri və Xankəndində yerləşən 366-cı keçmiş sovet alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdi. 650-dən çox adam öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaq idi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarqsyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edirdi: “Xocalıya qədər azərbaycanlılar belə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq.” Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri altı mil qət edərək demək olar ki, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.

Xocalıda baş verən soyqırım hadisəsi Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir. Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri respublikada ictimai-siyasi vəziyyəti gərginləşdirdi. İstefaya gedən Ali Sovetin sədri Elmira Qafqarovanın yerinə Yaqub Məmmədov seçildi. Martın 6-da isə Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibov istefa verdikdən sonra o, prezident səlahiyyətlərini də yerinə yetirməyə başladı.

ATƏM-in Minsk qrupunun yaradılması və fəaliyyəti. BMT sənədlərinin qəbul edilməsi

Azərbaycan Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylərini davam etdirdi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv oldu. Bununla da onun beynəlxalq sərhədləri tanındı, beynəlxalq hüququn mühafizəsi altına alındı. Azərbaycan martın 13-də BMT Təhlükəsizlik Şurasına, dünya birliyi dövlətlərinin parlamentlərinə müraciət edərək Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlərin həyata keçirilməsini xahiş etdi. Azərbaycan Respublikasının müraciətinə cavab olaraq BMT baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün mart ayında xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin rəhbərliyi altında bir heyəti regiona göndərdi. Nümayəndə heyəti hesabat hazırlayaraq baş katibə təqdim etdi.

Azərbaycan tərəfi Ermənistanın təcavüzü məsələsini ATƏM-in müzakirəsinə çıxardı. ATƏM Nazirlər Şurasının martın 24-də Helsinkidə keçirilən əlavə iclasında böhranın ATƏM-in himayəsi altında mümkün qədər tez bir zamanda ATƏM prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair ABŞ, Rusiya, Türkiyə, Fransa, İtaliya, Almaniya, Belarus, İsveç, Finlandiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə Minskdə konfrans çağırılması qərara alındı. Konfransın əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün siyasi danışıqları başlamaq idi. Yenicə yaradılmış MDB-nin mərkəzi Minsk hesab edildiyi və Belarus hökuməti ölkənin paytaxt şəhərini çağırılması nəzərdə tutulan bu tədbirə verdiyi üçün ona Minsk konfransı deyilir.

Konfransa hazırlıq məqsədi ilə İtaliyanın xarici işlər naziri, professor Mario Rafaelliyə sədr mandatı verildi. 1992-ci il mayın 1-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Helsinkidə keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilmə şərtləri, sədrin səlahiyyətləri və s. haqqında qərar qəbul edildi. Qərara əsasən Minsk qrupunun əsas vəzifəsi münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərmək, Minsk şəhərində konfran­sa üzv olan dövlətləri toplamaq və yekun sənəd qəbul etmək idi. Mayın 7-də Mario Rafaelli başda olmaqla ATƏM nümayəndə heyəti regiona səfər edərək hesabat hazırladı.

Bu zaman İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə mayın 7-də Yaqub Məmmədov və Ermənistan Respublikasının prezidenti Levon Ter Petrosyan arasında keçirilən görüş nəticəsində atəşin dayandırılması, münaqişənin sülh yolu ilə həlli məsələlərini nəzərdə tutan Tehran bəyannaməsi imzalandı. Lakin bəyannamənin “mürəkkəbi qurumamış” Azərbaycan mədəniyyətinin beşiklərindən biri, əhalisi təqribən 50 min nəfər olan Şuşa şəhəri üzərinə erməni silahlı dəstələrinin şiddətli hücumu başlandı və mayın 8-də işğal edildi. Şəhərdəki tarix və mədəniyyət abidələri, kitabxanalar, klublar və məktəblər yerlə-yeksan edildi, qədim əlyazmalar yandırıldı. Şuşanın işğalı ilə Ermənistan bütün Dağlıq Qarabağın işğalını başa çatdırdı. Dağlıq Qarabağ regionundan bütün azərbaycanlılar qovularaq məcburi köçkünə çevrildilər.

Şuşanın işğalından sonra Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Ayaz Mütəllibovun mayın 14-də yenidən hakimiyyətə qayıtmaq cəhdinin qarşısını alan Azərbaycan Xalq Cəbhəsi mayın 15-də mövcud hakimiyyəti devirdi.

Yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan təcavüzünü daha da genişləndirərək mayın 17-də Dağlıq Qarabağın inzibatı ərazisindən kənarda yerləşən, 123 yaşayış məntəqəsi, 1835 kv. km ərazisi, 60 min nəfər əhalisi olan Laçın rayonunu işğal etdi. Laçının işğalından sonra Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında quru əlaqəsi quruldu.

Şuşa və Laçın rayonlarının işğalı Minsk konfransının keçirilməsində əngələ çevrildi. Ermənistanın təcavüzünün genişləndiyi bir şəraitdə, 1992-ci il iyunun 7-də Azərbaycan Xalq Cəbhəsinin rəhbəri Əbülfəz Elçibəy (Əliyev) prezident seçildi.

Romada Minsk konfransına hazırlıq üzrə fəaliyyət davam etdiyi bir zamanda Ermənistan Dağlıq Qarabağın ətrafındakı ərazilərinin işğalını genişləndirirdi. Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən hücuma keçərək 1936 kv. km ərazisi və 150 yaşayış məntəqəsi olan Kəlbəcərin rayonunu 1993-cü il martın 27-dən aprelin 3-dək işğal etdi. Yüzlərlə adam əsir alındı və itkin düşdü. Rayonun 62 min əhalisi məcburi köçkünə çevrildi. Tarixi və memarlıq abidələri, klub və kitabxanalar, tarix-diyarşünaslıq muzeyi yerlə-yeksan edildi.

Azərbaycan Respublikası aprelin 1-də dünya ölkələrinin parlamentlərinə, Avropa Parlamentinə, ATƏM və BMT-yə müraciət edərək təcavüzkara münasibət bildirilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının iclasında sədrin bəyanatı qəbul edildi. Bəyanatda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin pisləşməsindən, Dağlıq Qarabağ münaqişəsində düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi narahatlıq ifadə olunur, sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən belə düşmənçilik hərəkətlərinin hamısına dərhal son qoymaq və bu qüvvələri oradan çıxarmaq tələb edilir, bölgədəki bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığı təsdiq edilir, ATƏM çərçivəsində sülh prosesinə tərəfdar çıxılır, Minsk konfransının tezliklə çağırılmasına ümid ifadə edilir, mülki əhalinin iztirablarını azaltmaq üçün münaqişəyə cəlb olunmuş bütün rayonlara humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsi tövsiyə edilirdi.

Təhlükəsizlik Şurası sədrinin bəyanatında Kəlbəcərin işğalının yerli erməni qüvvələrinin hərəkəti kimi qələmə verilməsi reallığı əks etdirmirdi. Çünki Dağlıq Qarabağın erməni icmasının Azərbaycan ərazilərini işğal etmək gücündə olan ordu qurmaq üçün kifayət qədər insan qüvvəsi, iqtisadi-maliyyə gücü, hərbi-sənaye kompleksi yox idi.

Aprelin 11-də Azərbaycan Respublikası yenidən BMT-yə müraciət edərək Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yeni dünya qaydasına təhdid kimi qiymətləndirdi və təcavüzün davam etməsinin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini xahiş etdi. Məsələyə dair aprelin 14-də BMT baş katibi məruzəsini təqdim etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsini qəbul etdi. Təhlükəsizlik Şurası Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq keçirdiyini bildirir, Kəlbəcər rayonuna yerli erməni qüvvələrinin son təcavüzündən, vəziyyətin bölgədə əmin-amanlığı qorxu altına aldığından narahat olaraq, çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və bölgədə, o cümlədən Kəlbəcər rayonunda yaranmış fövqəladə vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edirdi. Təhlükəsizlik Şurası bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətini, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyini bir daha təsdiq edirdi. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesi dəstəklənir, atəşin biryolluq dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayan­dırılması, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlardan dərhal çıxarılmasını tələb edilirdi. Bu işdə maraqlı olan tərəflər ATƏM-in Minsk qrupunun sülh prosesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və problemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edilirdi. BMT Təhlükəsizlik Şurası bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayonlarda mülki əhalinin iztirablarını yüngülləşdirmək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə çağırırdı. Eyni zamanda BMT baş katibindən ATƏM sədri, habelə Minsk qrupunun sədri ilə məsləhətləşmələr keçirib bölgədəki, o cümlədən Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətə qiymət verməyi və Təhlükəsizlik Şurasına yeni məruzə təqdim etməyi tövsiyə edirdi.

Qətnamə qəbul edildikdən bir neçə gün sonra, mayın 3-də ABŞ, Rusiya, Türkiyə sülh təşəbbüsü ilə çıxış edərək təkliflər planını işləyib hazırladılar. Cədvələ görə, qüvvələr martın 27-nə olan vəziyyətə gətirilməli, 60 günlük atəşkəs elan edilməli, müşahidəçilər Kəlbəcərdən erməni qoşunlarının çıxarılmasını təsdiq etməli, Minsk qrupunun məsləhətləşmələri davam etdirilməli idi. Azərbaycan bu təkliflərlə razılaşdı. Ermənistan prezidenti Levon Ter Petrosyan isə mayın 26-da bəyanat verərək “Dağlıq Qarabağ əhalisi”nin təhlükəsizliyi və hüquqları üçün təminat istədi, Azərbaycanın Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə yönələn siyasətindən imtina etdiyinə tam əmin olmadığını” bildirdi.

ATƏM təmsilçiləri Romada görüşərək münaqişənin həlli üçün təcili bir sənəd hazırlayaraq tərəflərə göndərdilər. Buna görə, Ermənistan silahlı qüvvələri iyunun 15-dən etibarən Kəlbəcəri boşaltmağa ba