Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Rayon haqqında
15 Sentyabr , 2015

 

  Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. 
Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa»
(şüşə – glass) adlandırmışlar.

 

 Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində uca, dağlar başında şəfalı bir yaylaq yeri olan Şuşa el arasında, xalqın təfəkküründə və ədəbiyyatında Şüşə adı ilə də məşhur olmuşdur. XVIII əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin, Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə «Pənahabad», sonralar isə «Şuşa» adlandırılmağa başlandı.

Şuşa qalasının təməli, tarixi Azərbaycan ərazisindəki dövlətlərindən biri olan Qarabağ xanlığının hökmdarı, əslən qarabağlı olan Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli bəy özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.

Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın Qarabağ torpağını qorumaq məqsədilə Şuşa qalasını ucaltması barədə yazarkən həmin şəhər qalıqlarını da xatırladır: «Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladılar. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın təməlini qoydu».

Bu onu göstərir ki, Şuşa Azərbaycanlıların qədimdən yaşadığı ərazidə mövcud olan qala tikilisinin yerində ucaldılmışdır və söhbət qalanın yeni inşasından deyil, onun daha da gücləndirilməsindən və abadlaşmasından gedir.
“Qədim” və “Yeni Şuşa”dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur.
Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başladı. Bu sikkələr xalq arasında “pənabad” adlandırılırdı. Bu, bir misqal vəznində, çar Rusiyasının köhnə gümüş pulu ilə 15 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “Pənahabadi”, o biri üzündə isə “Lə ilahə illəllah, Mühəmmədin rəsullullah” sözləri yazılmışdı.

 

 

Şuşa şəhərinin təşəkkül mərhələləri və əhalisi

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər. Şəhər on yeddi əsas məhəlləyə bölünmüşdü:

 

Böyük qurdlar
Kiçik qurdlar
Seyidli
Culfalar
Təzə məhəllə
Hamamqabağı
Dəmirçilər
Quyuluq
Xocamircanlı
Mamayı
Saatlı
Köçərli
Merdinli
Çölqala
Hacı Yusifli
Çuxur məhəllə
Ağadədəli

Bu məhəllələr son dövrlərə qədər qalmışlır.

Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.
On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının “Şəhər əsasnaməsi”nın (1785) 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. 
Dəniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600 metrə yaxın olan dərələrlə, daha yuxarılarda isə Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunmuşdur. Şəhərin qərb tərəfi dəniz səviyyəsindən hündürdür, Cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır.
Şuşanın ancaq bir nəqliyyat yolu var. Ağdam-Əsgəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa. Bu yol şəhərin mərkəzinə qədər uzanır. Şuşanın şərq tərəfindəki o qədər də hündür olmayan təpə “Dövtələb” adlanır.

 Şuşa Qarabağın sənətkarlıq mərkəzi olmuşdur. Şəhərdə müxtəlif sənət sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, tədricən mədəni mərkəzə çevrilməsi onun şöhrətini uzaqlara yaymışdı. Şuşanın çeşid-çeşid mallarının sorağı Təbriz, İsfahan, Tehran, İstanbul, Moskva, Nijni-Novqorod və başqa şəhərlərdən gəlirdi.

 

 

 

 

Əhalisi

İlk dövrlərdə Şuşa cəmi 162 ailənin məskunlaşdığı kiçik yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədlərindən məlum olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu – XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı. Əgər hər ailənin, orta hesabla 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlərdə xristianlığın qriqoryan məzhəbini qəbul edənlər də vardı. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər idi. Lakin “Qarabağ əyalətinin təsviri” adlı sənədin məlumatları əsasında hesablamalardan məlum olur ki, bu əhali Şuşa sakinlərinin cəmi 27 % -ni təşkil edirdi.

 

Qarabağ torpaqlarında ermənilərin kütləvi məskünlaşdırması XIX əsrin birinci yarısında təsadüf edir. Rus-İran müharibəsi nəticəsində bağlanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal edildi və bu, regionda imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə 1828-ci ildə 1880-ci ilədək İranın Marağa, Səlmas, Xoy və digər xanlıqlarından buraya 40 mindən artıq erməni köçürülüb, Qarabağda və Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldı. Sonrakı illərdə də davam etmiş bu proses Qarabağda demoqrafik vəziyyətə nəzərə çarparaq dərəcədə təsir göstərmişdir. Rusiyanın XIX əsrə aid rəsmi dövlət sənədlərində, o cümlədən Qafqaz təqviminin illik statistik məlumatlarında bu təkzibedilməz faktlar öz əksini tapmışdır.

Hələ XVIII əsrin əvvəllərindən İrandan tədricən kiçik qruplar şəkilində köç etməyə başlayan ermənilər Şuşada deyil, şəhərdən aralıda yerləşən yaşayış məntəqələrində məskunlaşırdılar. Qarabağ xanının onlara etdiyi yardımın əvəzi olaraq, 1797-ci ildə ermənilər ona xəyanət etdilər, Ağa Məhəmməd xan Qacarla gizli sövdələşməyə girərək Şuşa qalasının alınmasında ona gömək göstərdilər. Rus tarixçisi N.Dubrovin yazırdı: «İşğal nəticəsində Qarabağda 60 min ev dağıdıldı. Ermənilər isə ziyan çəkmədilər». Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi. Hətta, Rusiya İmperiyası məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri sənədlərə görə, şəhər sakinlərini böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. 1823-cü ildə dövlət müşaviri Moqilevski və polkovnik Yermolovun hesabatına görə, Şuşa şəhərində 148 azərbaycanlı ailəsi yaşayırdı. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi zorla erməniləşdirmə siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Bununla belə, 1823-cü ilin statistik məlumatlarına əsasən, Qarabağ xanlığı ərazisində yaşayan 20.035 ailədən yalnız 4.366-ı isə xristianlar idi. 1917-ci ildə isə artıq burada 415.000 azərbaycanlı və 170 min erməni yaşayırdı.

XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian idi.

1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra çar Rusiyası Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən, ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə, Rusiya təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra kütləvi xarakter almışdı. Məhz bu köçürmələrin nəticəsində 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N.Şavrov yazırdı ki, XX əsrin əvvəllərində ümumən Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyonu buraya gəlmədir.

Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə – Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi.

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik XIX əsrin 70-ci illərindən başlayaraq şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı. Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca artmasına gətirib çıxartdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917-ci ilə qədər baş vermiş 23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri köçkün ermənilərin payına düşmüşdü.

Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da silahlandırılmış ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər, Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli insanı qətlə yetirdilər. M.S. Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı”.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox zədəganları əhalinin gözü qarşısında güllələnmişdi.

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə bəslənilən ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada təxminən 50 il ərzində əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı cəmisi 13.664 nəfər təşkil etmişdi. Onların cəmi 3577 nəfəri erməni idi. 1989-cu ildə Şuşada əhlinin ümumi sayı 20.579 nəfər olduğu halda burada 1.377 nəfər erməni yaşayırdı.

                     Şuşa şəhərin inzibati-ərazi quruluşu və statusunda dəyişikliklər 

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin, 1923-cü il iyulun 7-də vilayətinin mərkəzi Xankəndi (sonralar «Stepanakert» adlandırılmışdır) seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.

İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı həyatına ciddi təsir göstərdi. Respublika və vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün əvvəlki görkəmini və şöhrətini itirməyə başladı. Uzun müddət burada tikinti-abadlıq işləri görülmədi, əksinə, tarixi-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı.

İbrahimxəlil xanın “Xəzinə qayasın”da inşa etdirdiyi saray, hərəmxana, tövlə, hamam və ordugahından ibarət kompleksin metal hissələri, çərçivələri II Dünya müharibəsi illərində çıxarılıb aparılmış, binalar isə tədricən dağılaraq yararsız hala salınmışdı. Şuşanın tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirilmişdi. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet dövlətinin başçısı N. S. Xruşşovun təşəbbüsü ilə rayonların iriləşdirilməsi siyasətinin həyata keçirilməsindən DQMV-nin erməni rəhbərliyi Şuşaya qarşı istifadə etdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.

Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və nəticələri (1828-1920)

Ermənistanın hərbi təcavüzü və davakar separatizm nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin kökləri çar Rusiyasının müstəmləkə siyasətinə gedib çıxır. Hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. 1826-cı ildə yenidən başlanan müharibənin nəti­cəsində Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları da işğal edildi. Bu, 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən təsdiq edildi. 1828-1829-cu illər Osmanlı ilə apardığı müharibə nəticəsində də Rusiya regionda üstünlük qazandı.

İşğal nəticəsində Azərbaycanın ərazisi və xalqı iki yerə bölündü. Şimali Azərbaycan əraziləri süni bölgülərə məruz qalaraq Rusiya imperiyası tərkibində müxtəlif inzibati hissələrə parçalandı. Ən son inzibati bölgüyə əsasən Şimali Azərbaycan ərazisi Bakı, Yelizavetpol və İrəvan quberniyaları və Zaqatala mahalına bölündü. Ermənistanın 1988-ci ildən etibarən əsassız iddia irəli sürdüyü və bir neçə il sonra işğal etdiyi Dağlıq Qarabağ ərazisi Yelizavetpol quberniyasına daxil idi.

İşğal etdiyi ərazilərdə müstəmləkə siyasətini həyata keçirmək üçün çarizmin istifadə etdiyi üsullardan biri digər xalqların regiona köçürülərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi idi. Yerləşdirmədə üstünlük ermənilərə verilirdi. Bu da səbəbsiz deyildi. Dövlətləri olmadığından Şərqdə daim başqa hakimiyyət altında yaşayan, region xalqları­nın psixologiyasını, dillərini yaxşı bilən, adət-ənənələrinə dərindən bələd olan, şəraitə daha tez uyğunlaşan və itaətkar ermənilər bu işə digərlərindən daha münasib idilər. Çarizmin regiona gəlməsi ilə o zamana qədər heç bir zaman olmayan “erməni məsələsi” də meydana çıxdı.

Ermənilərin Osmanlı və İran ərazilərindən köçürülərək Cənubi Qafqaza yerləşdirilməsi məsələləri ilə məşğul olan xüsusi komissiya yaradıldı. Köçürülmə nəticəsində Qarabağ əyalətində 1828-1829-cu illərdə ermənilərin sayı 18 min, 1843-cü ildə isə 34 min 606 nəfərə çatdı. Köçürülmə məsələləri ilə məşğul olan çar məmuru N.İ.Şavrov bununla bağlı olaraq yazırdı ki, 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və İrəvan quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirildilər, Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ) və Göyçə gölünün sahilləri ermənilərlə məskunlaşdırıldı. O daha sonra qeyd edirdi ki, Cənubi Qafqazda yaşayan 1 milyon 300 mindən artıq erməninin 1 milyondan çoxunun diyarın köklü sakinlərinə aidiyyatı yoxdur və bizim tərəfimizdən köçürülərək yerləşdirilmişlər.

Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin növbəti dalğası XIX əsrin ikinci yarısında oldu. Osmanlı ərazisində hökumət əleyhinə baş verən qiyamlar yatırıldıqdan sonra Daşnaksütyun və digər erməni təşkilatları tərəfindən terrorizə edilən 35-60 min erməni Şimali Azərbaycana yerləşdirildi. Əgər məskunlaşdırma nəticəsində 1873-cü ildə Yelizavetpol quberniyasında 99 min 918 nəfər erməni yaşayırdısa, 1886-cı ildə onların sayı 258 min 324 nəfərə çatdırıldı. Bununla bağlı olaraq sovet dövründə hazırlanmış “Daşnaksütyun Partiyasının əksinqilabi rolu” adlı tarixi oçerkdə etiraf edilirdi ki, Cənubi Qafqaza 1 milyon 200 min erməni yaşamaq üçün hər şeyə hazır vəziyyətdə gəldi. Köçürülmə siyasəti nəticəsində regionda demoqrafik vəziyyət dəyişdi. Erməniləri yerləşdirməklə çarizm Cənubi Qafqazda etnik-milli ziddiyyətlərin, münaqişələrin və axıdılan qanların toxumunu səpdi. Hnçak (Zəng), Daşnaksütyun (İttifaq) və b. siyasi, terror təşkilat və komitələri quruldu. Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyası ermənilər üçün uyduruldu. Məqsədə nail olmaq üçün əsas vasitə terror seçildi.Mövqeləri möhkəmlənən ermənilər yerli xalqlara düşmən münasibət bəsləyərək onları sıxışdırmağa başladılar. Sosial-iqtisadi, siyasi, milli və dini ziddiyyətlər yarandı.

Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı.

Ermənilərin yerli əhaliyə nifrəti böhranlı anlarda açıq düşmənçiliyə keçdi.1905-1907-ci illər inqilabının gedişində çarizmin təhriki ilə erməni-azərbaycanlı qırğınları törədildi. Daşnaksütyun xüsusi silahlı dəstələr yaratdı, Bakıda, Qara­bağ regionunda və Cənubi Qafqazın digər şəhərlərində erməni-azərbaycanlı qırğınları törətdi.

Ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi və törətdikləri kütləvi qırğınlarda növbəti mərhələ Birinci dünya müharibəsi illəri oldu. Çarizm müharibə illərində “Türkiyədə yaşayan qardaşlarının azad edilməsi” şüarı altında erməni silahlı dəstələrini Osmanlı ərazisi, Cənubi Azərbaycan və Cənubi Qafqazda formalaşdıraraq Rusiya ordusunun cərgələrini doldurdu. Bu dəstələr Anadoluda və Cənubi Azərbaycanda dinc türk əhaliyə qarşı kütləvi qırğınlar törətdilər.

Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çoxlu sayda erməni Cənubi Qafqaza gəldiyi bir zamanda Qafqaz canişini Qafqazda torpaq islahatı aparmağı düşünürdü. Bu islahatın məqsədi barədə Rusiya Dövlət Şurasının üzvü A.M.Eristov “Birjevıe vedomosti” qəzetində dərc edilmiş məqaləsində yazırdı: “Görməmək mümkün deyildir ki, söhbət yalnız başdan-başa bircə erməni ərazisi yaradılması haqqında gedir”.

Hərbi əməliyyatların gedişində Cənubi Qafqaza gələn ermənilər yenə də əsasən azərbaycanlılara məxsus torpaqlara yerləşdirilirdilər. Erməni qaçqınlara yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri yepiskop Mesrop ermənilərə yardım kampaniyasına başlayan Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi iri şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi. 1915-ci ilin yanvar ayında İrandan Qafqaza köçürülən ermənilərin sayı 20 min nəfər idi. “Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişlər. 1915-ci ilin mar­tında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi.

Cənubi Qafqaz 1920-1921-ci illərdə işğal edilərək sovetləşdirildikdən sonra yaradılmış Zaqafqaziya Federasiyası İttifaq Şurası yanında Qaçqınlar Komissiyasının sədri Rakatadze, komissiyanın üzvü M.Karabek və katibi İsaakyan 1922-ci ilin dekabrında hazırladıqları izahat qeydində yazırdılar ki, 1915-ci ilin iyulunda türk cəbhəsində hərbi əməliyyatlar zamanı Türkiyə Ermənistanından 250 min nəfər erməni Zaqafqaziya hüdudlarına gəldi. 1915-ci ilin avqust ayına olan məlumata görə isə Cənubi Qafqaza gələn ermənilərin sayı həmin ilin qışında 60 min nəfər idisə, avqust ayında artıq 260 min nəfəri ötüb keçmişdi. Onların 110 min nəfəri İrəvan quberniyasına, 20 min nəfəri Yelizavetpol quberniyasına, 30 min nəfəri Tiflis quberniyasına, 20 min nəfəri Kars quberniyasına yerləşdirilmişdi.

Ermənilərin azərbaycanlılara məxsus ərazilərə yerləşdirilməsi milli ziddiyyətləri kəskinləşdirirdi. Qafqaz canişinliyi xüsusi şöbəsinin rəisi Pisarski Rusiyanın İran ilə sərhəd komissarına 1915-ci il 28 avqust tarixli 3720 №-li məxfi məktubunda yazırdı: “Ermənilərin və azərbaycanlıların bir-birinə nifrət etməsinin səbəbi qəzalara ermənilərin yerləşdirilməsidir”.

Ermənilərin Cənubi Qafqaza köçürülməsinə regionun yerli xalqları etiraz edirdilər. Gürcülərin “Zakavkazskiy Reç” qəze­ti ermənilərin Qafqaza köçürülməsini 1828-1829-cu illər müharibəsi ilə əlaqələndirir, başlıca məqsədin onlara torpaq payının ayrılması olduğunu yazırdı. Qəzet ermənilərin geriyə, öz torpaqlarına qayıtmalarının vacibliyini vurğulayır, onlara Qafqazda ərazi verməyin gərginlik yaradacağını qeyd edirdi.

Bütün bunlara baxmayaraq, Qafqaz canişinliyinin Qaçqınlar işi üzrə ali səlahiyyətli nümayəndəliyi ermənilərin azərbaycanlılara məxsus ərazilərə yerləşdirilməsini planlı şəkildə həyata keçirirdi. Erməni qaçqınlarına Bakı yardım komitəsinin sədri T.Ter Mikaelyan Qafqaz cəbhəsinin qaçqınların yerləşdirilməsi üzrə baş səlahiyyətli nümayəndəsi general-mayor V.M.Tamamşevə 1915-ci il 18 dekabr tarixli məktubunda son vaxtlar Bakıya yerləşdirilən erməni uşaqları üçün 400 nəfərlik məktəbin açıldığını, 300 erməninin 2 yataqxanada, 100 nəfərin isə evlərdə yerləşdirildiyini, onlara yemək, xəstəxana və iş xidməti göstərildiyini, 500 nəfərinin işə düzəldildiyini yazırdı. Qafqaz erməni xeyriyyə cəmiyyəti şurasının və Mərkəzi Komitəsinin sədri S.Arutunov isə 1916-cı il yanvarın 8-də Qafqaz canişinliyinə göndərdiyi teleqramında 1915-ci ilin avqust ayından dekabrın 1-dək Bakıya 3200 ermənin yerləşdirildiyini bildirirdi.

Ermənilərin yerləşdirilməsinin və silahlı dəstələrinin yaradılmasının ağır nəticələri özünü çox da gözlətmədi. 1917-ci il fevral inqilabı nəticəsində Rusiyada Romanovlar sülaləsi devrildi. Aleksandr Kerenskinin başçılıq etdiyi Müvəqqəti hökumət erməni məsələsinə beynəlxalq xarakter verərək onların nümayəndələrinə müharibə nəticəsində imzalanacaq sülh şərtlərinə Türkiyə Ermənistanına muxtariyyət verilməsi haqqında məsələni də daxil edəcəyini bildirdi. Lakin bu niyyəti həyata keçirmək mümkün olmadı.

Rusiyada oktyabr çevrilişindən sonra Cənubi Qafqazda çoxhakimiyyətlilik yarandı. Sovetlər, Milli Şuralar və Müvəqqəti hökumətin orqanları arasında hakimiyyət uğrunda mübarizə qızışdı. Bolşevik Rusiyası Almaniya bloku ölkələri ilə Brest Litovskda sülh bağladı. Rus-türk cəbhəsi dağıldı. Dinc əhaliyə qarşı törətdikləri soyqırıma görə cəzasız qalmayacaqlarından qorxaraq rus ordusu ilə geri çəkilən erməni silahlı dəstələri Anadoluda və Cənubi Azərbaycanda etdikləri kütləvi qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında və Cənubi Qafqazın digər yerlərində törətməyə başladılar.1917-ci ilin noyabrında Bakıda elan edilmiş sovet hökuməti əksinqilabi ünsürlərlə mübarizə adı altında 1918-ci ilin mart ayında bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. İdeoloji fərqlərə baxmayaraq, Daşnaksütyun Partiyası bolşeviklərlə birgə hərəkət edirdi. Minlərlə azərbaycanlı yalnız dini və etnik mənsubiyyətinə görə Azərbaycanın Bakı ilə yanaşı, Şirvan, Qarabağ, Zəngəzur, Naxçıvan, Quba, Lənkəran və digər bölgələrində kütləvi surətdə məhv edildilər. Tiflisdə yaradılmış Transqafqaz Seymi qırğınların qarşısını ala bilmədi. Kəskin ziddiyyətlər ucbatından 1918-ci il mayın 28-də Transqafqaz Seymi dağıldı. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bütün müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan xalqı cümhuriyyət idarə üsulunu qurdu. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 4 mln. 617 min 671 nəfər idi. Ölkənin ərazisi 113895. 97 kv. km idi.

Mayın 28-də ermənilərin Qafqazda heç bir zaman mövcud olmayan dövlətinin qurulduğu elan edildi. Ararat Respublikası adlandırılan bu ölkə Yeni Bəyazit, İrəvan və Aleksandropol qəzalarının hissələrindən təşkil edildi. Ermənistanın ərazisi 9 min kv. km idi. Lakin qısa müddət ərzində təcavüzkar hərəkətləri nəticəsində Ermənistanın ərazisi genişləndirildi. Bu barədə Tiflisdəki ABŞ konsulu Smit dövlət katibinə 1918-ci il 15 iyul tarixli teleqramında məlu­mat verərək yazırdı: “Almaniya və Türkiyə tərəfindən tanınmış yeni Ermənistan dövlətinin ərazisi 12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan sənub-qərbdə Alagözə, oradan isə Eçmiadzinin cənubundan İrəvanın şərqinə, oradan da Sevan gölünə qədərdir”.

Yeni yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Erməni Milli Şurası Azərbaycana müraciət edərək İrəvan şəhərinin paytaxt kimi verilməsini xahiş etdi. Müraciət Azərbaycan Milli Şurasının mayın 29-da Tiflisdə keçirilən iclasında müzakirə edildi. Ermənilərin bu xahişi yerinə yetirildi. İrəvanı paytaxt kimi aldıqdan sonra da Ermənistan sakitləşmədi. Erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınları amansızlıqla həyata keçirməyə başladı­lar.İngilis nümayəndəsi P.Koks Londona göndərdiyi 1918-ci il 30 oktyabr tarixli teleqramında erməni dəstələri tərəfindən həmin ilin mart ayında Cənubi Qafqazda 180 azərbaycanlı kəndinin dağıldığını və azərbaycanlıların öldürüldüyünü yazırdı.

Sovetləşdirildikdən sonra Gürcüstan Fövqəladə Komissiyasının rəsmi sənədlərində də erməni silahlı dəstlərinin törətdikləri qırğınlar barədə məlumat verilərək yazılırdı ki, Daşnaksütyunun yad qüvvəni məhv etmək üsulunu təkrar etdi, Kars vilayətində 80 kəndi yer üzündən sildi.

Daşnaksütyunun 30 aylıq hökmranlığı dövründə Ermənistanda azərbaycanlı əhalinin 60%-i yer üzündən silindi, bütün türk əhalisi qanundan kənar elan edildi, azərbaycanlı və kürd əhalisini qırmaq yolu ilə ölkənin erməniləşdirilməsi ideyası həyata keçirildi.