Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Görkəmli şəxsiyyətlər
4 May , 2015

Yevlaxda bir sıra görkəmli şəxslər doğulmuş və öz əməlləri ilə rayonun tarixinə düşmüşlər.

Azərbaycanda Qarxunlu Əşrəf bəy soyadı ilə tanınan Əşrəf bəy Həsənbəy oğlu Tağıyev 1867-ci ildə Qarxun kəndində anadan olmuşdur. 1908-ci ildə Yevlaxda mazutla işləyən zavod tikdirir, 1910-cu ildə öz xərci ilə Yuxarı Qarxun kəndində dörd sinifli, 1919-cu ildə isə yeddi sinifli rus-tatar məktəbi açdırır.

1918-ci il mart qırğınından sonra Əşrəf bəyin təklifi ilə erməni qırğınının qarşısını almaq məqsədilə könüllü dəstələr yaradılır. O, Nuru Paşa başda olmaqla Türk ordusunun qarşılanmasında, Ərəş suvari alayının tərkibində türk qoşunları ilə bərabər bolşevik-daşnaq ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edir. Əşrəf bəy 1918-ci ilin dekabrından Ərəş mahalından Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə üzv seçilir. O, 1919-cu ildə qəza rəisi olmuşdur.

Əşrəf bəy Həsənbəy oğlu Tağıyev Zaqafqaziya Dövlət Siyasi idarəsinin və Azərbaycan SSRİ DİXK üçlüyünün 3 mart 1930-cu il tarixli qərarına əsasən "Əhran" partiyasının üzvü və əksinqilabi təbliğatla məşğul loduğu üçün güllələnmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 avqust 1989-cu il tarixli qərarı ilə ölümündən sonra Əşrəf bəyə bəraət verilmişdir.


İsmayıl bəy Sultanov 1856-cı ildə Ərəş mahalının Xaldan kəndində anadan olmuşdur. 1879-cu ildə Qafqazda Bakı-Batumi dəmiryol xətti çəkiləndə İsmayıl bəy ali təhsilli mühəndis kimi işə dəvət alır.

1903-cu ildə Xaldanda və Ağdaşda iki böyük xəstəxana, 1904-cü ildə Xaldan kəndində məktəb tikdirir. İsmayıl bəy 1914-cü ildə Xaldanda Əlican çayı üzərində körpü tikdirir, 1916-1917-ci illərdə saxsı borularla Bucaqdan Xaldana su xətti çəkdirir, kəndə yol çəkdirir və abadlaşdırır.

1933-cü ilin dekabr ayında İsmayıl bəy ailəsi ilə birlikdə Qazaxstana sürgün edilir və bir həftə sonra sürgündə vəfat edir.

 

Varvaralı Əmralı bəy Nəbibəyev 1844-cü ildə Yelizavetpol Quberniyasının Varvara kəndində anadan olubdur. Çox səxavətli olan Əmralı bəy 1908-ci ildə kənddə qırmızı kərpicdən tağlı körpü, 1903-cü ildə məscid və mədrəsə, 1911-ci ildə həm su, həm də mazutla işləyən böyük dəyirman tikdirir.

Bəstəkar Üzeyir Hacıbəyov təhsil aldığı və gənclik illərində Əmralı bəydən çox böyük qayğı və yardım görmüşdür. 1917-ci ildə Əmralı bəy öldükdən sonra Ü.Hacıbəyov bəyin qızı Bahar xanımı qızlığa götürmüş, onun hamisi və qayğıkeşi olmuşdur.

Əlibəy Əfəndiyev Salahlı kəndində anadan olmuş və Qori seminariyasını bitirmişdir. 1906-1919-cu illərdə Gəncə və Hacıqabul arasında dəmir yolu jandarm idarəsinin rəisi işləyibdir. 1914-cü ildə Salahlı kəndində böyük dəyirman tikdirmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulan zaman o, siyasi fəaliyyətə keçərək "Əhrar" partiyasının üzvü olur və Yevlax cəmiyyətinin tədbirlərində yaxından iştirak edir. Türk generalı Nuru Paşa ilə yaxın olmuşdur.

1920-ci ilin martında XI Ordu hisələri Yevlaxın Ağqıraq, Varvara və Salahlı kəndlərinə hücum edərkən Əli bəy həyatını riskə qoyaraq bolşeviklərin qarşısına çıxır və onlarla danışıqlar apararaq əhalini qırğından qurtarır və onları təhlükəsiz yerə köçürür. 1920-ci ildə vəfat etmişdir.

Əbülfət bəy Məşədi Süleyman oğlu 1889-cu ildə Havarlı kəndində anadan olmuşdur və sonradan Yəldili kəndinə köçmüşdür. O, Gəncə rus-tatar məktəbində oxumuş, sonra Peterburqda ticarət üzrə təhsil almışdır. 1917-1920-ci illərdə kənddə ibtidai rus-tatar məktəbi açaraq öz evini məktəbə verir və müəllim gətizdirir. 1920-ci ildə Sovet Hökuməti qurulanda o var-dövlətini könüllü olaraq bolşeviklərə verir. Onu Gəncə Yun tədarükü idarəsinin rəisi qoyurlar. Sonradan M.Bağırovun şəxsi göstərişi ilə 1931-ci ildə Əbülfət bəy evində güllələnmişdir.

Süleyman bəy Məhəmməd oğlu 1859-cu ildə Ərəş uyezdinin Xaldan qəriyəsində anadan olmuşdur. İlk təhsilini rus-tatar məktəbində alan Süleyman bəy Tiflisdə Gimnaziyanı, sonra isə Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. O, 1916-cı ildə mahalda ilk dəfə olaraq Xaldan kəndində buğda və çəltik üyüdən generatorla işləyən böyük dəyirman tikdirir. 1918-ci ildə ilk gündən Milli hökuməti alqışlayan Süleyman bəy 1918-1919-cu illərdə Yevlaxda və Ərəşdə könüllülər dəstəsinin yaradılmasında daşnaqlara qarşı vuruşlarda yxından iştirak edir. 1920-ci ildə Vətənə dönmək ümidi ilə Türkiyəyə gedən Süleyman bəyin sonrakı taleyindən xəbər yoxdur.

Valeh Saleh bəy oğlu 1896-cı ildə Qoyunbinəsi kəndində anadan olmuşdur. O, 1924-cü ildə Qori seminariyasında oxumuşdur. O, 1928-ci ildə Özbəkistanın Buxara şəhərində məsul işdə işləmişdir. 1932-ci ildə Azərbaycana qayıdan Valeh bəyə kulak, qolçomaq adı verilmiş və o həbs edilmişdir. Valeh bəy 1944-cü ildə Komi ASSR-in Robça qəsəbəsində güllələnmişdir.

Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar qimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır. SSRİ Ali Sovetinin (2 çağırış) və Azərbaycan SSR Ali Sovetinin (2 çağırış) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.

16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir.

 

 

 

XX əsrin görkəmli alimi Pavel Aleksandrviç Florenski 1882-ci ilin yanvarın 9-da Yevlax yaşayış məntəqəsində anadan olmuşdur. O, 1879-1883-cü illərdə Bakı-Tiflis dəmir yolunu çəkən baş mühəndis Aleksandr İvanoviç Florenskinin oğludur.

P.Florenskinin uşaqlığı Yevlaxda keçmişdir. O, Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bitirdikdən sonra dinə olan marağına görə Moskva Dini İlahiyyət Akademiyasında təhsil alır. 1912-ci ildə 30 yaşlı Pavel Florenski Pravoslav kilsəsinin din xadimi kimi bütün Rusiyada tanınırdı. O, çar II Nikolayın etimadını qazanmışdı, onunla dostluq əlaqələri vardı.

Rusiyada oktyabr çevrilişindən sonra bütün din xadimləri kimi o da təqiblərə məruz qalmış, 1933-cü ilin 26 iyulunda həbs edilərək 10 il cəzaya, 25 noyabr 1837-ci ildə güllələnməyə məheum edilmişdir.

 

 Yevlax rayonu Xaldan kənd kompleks məktəbinin direktoru Şöyübov Zahid Hamil olğu SSRİ Xalq müəllimidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 1999-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Hazırda Prezident təqaüdçüsüdür.

  

Rayonda yaşamış və təhsil almış şəxslərdən "Çinar" fermer təsərrüfatının rəhbəri Əliyeva Şamama Tanrıverdi qızı "Qəhrəman ana"dır. SSRİ-dövündə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda Prezident təqaüdçüsüdür.

Sosialist Əməyi Qəhrəmanı adı Yunis Hacıyevə qoyunçuluğun inkişafında qazandığı uğurlara görə verilmişdir.

 

 

Xaldan kəndində anadan olmuş general-mayor İsrafilov Sərdar Qurban oğlu hazırda Respublika Könüllü hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin sədridir.