Yevlax rayon Mərkəzi kitabxanası

Yevlax rayon MKS
Görkəmli şəxsiyyətlər
31 Mart , 2015

Əminə Yusif qızı

Əhmədova Əminə Yusif qızı 1951-ci il iyun ayının 1-də Yevlax şəhərində anadan olmuşdur.1968-ci ildə M.F.Axundov adına 1 №-li orta məktəbi, 1975ci ildə isə Azərbaycan Dövlət Unversitetinin jurnalistika fakultasini bitirmişdir. 1976-cı ildə Yevlaxda çıxan “ Təşşəbüs” qəzetində ( sonrakı adı “ Kür”) ədəbi işçi, sonra şöbə müdiri işləmişdir. 1991-ci ildə “Kür” qəzetinin baş redaktoru vəzifəsinə irəli çəkilmişdir və hazırda o vəzifədə çalışır.
 Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə “Qızıl qələm” mükafatına (1982-ci il), iki dəfə H.B.Zərdabi adına mükafata (1993-2001-ci illər) layiq bilinmişdir. 1991-ci ildən Respublikanın Əməkdar Jurnalistidir. 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. İctimai işlərdə fəal olmuş, 1990-1995 ci illərdə şəhər xalq deputatları sovetinin deputatı olmuşdur.  Çalışdığı müddətdə qadınlar arasında iş aparılmasında fəallıq göstərmiş, işgüzar qadın hərəkatında uzun müddətli səmərəli fəaliyyətinə görə Məhsəti Gəncəvi adına mükafata (1995-ci il) layiq görülmüşdür. YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədridir. İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvüdür.
 Ailəlidir. Bir oğlu, bir qızı var.

 İlqar Əhmədov

 İlqar Əhmədovu o zamankı İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə incəsənətə olan böyük sevgi və həvəsi aparıb. Bu sahədə fəaliyyətə bir müəssisə klubunun müdiri kimi başlayıb. Təcrübəsi artdıqca onu savadlı, bacarıqlı kadr kimi irəli çəkiblər. Metodist və inspektor kimi vəzifələr həvalə olunanda təkcə sevinməyib, həm də məsuliyyət hiss edib, etimadı doğrultmağa çalışıb. 1998-ci ildə isə çalışdığı kollektivə rəhbərlik ona tapşırılıb. Təşəbbüskarlığı, işə yaradıcı münasibəti ilə seçilən İ.Əhmədov rəhbərlik etdiyi Mədəniyyət və Turizm şöbəsinin nəzdində uzun illər fəaliyyət göstərən B.Səfəroğlu adına xalq teatrının işini daha da canlandırmağa diqqət yetirməklə yanaşı, yevlaxlı balaca teatrsevərlər üçün Kukla teatrının yaradılmasına əmək sərf edənlərdən biri oldu. Uşaqlardan ibarət yaratdığı "Pöhrələr" xalq çalğı alətləri ansamblı da onun təşəbbüsünün yetirməsi idi. Onun yaradıcısı olduğu, "Karvan" instrumental ansamblının 20 yaşı var. Bu ansamblla o Respublika hüdudlarından kənarda-Rusiyada, Türkmənistanda Azərbaycan musiqisinin təmsilçisi kimi çıxışlar edib.İlqar Əhmədovun mədəniyyət sahəsindəki xidmətləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi tərəfindən hər zaman müsbət dəyərləndirilir. Amma özü də səmimi şəkildə etiraf edir ki, sevincinə səbəb günlərdir yaşadığı "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi, əməyinə verilən əvəzsiz mükafatdır. İncəsənət elə bir sahədir ki, onun müvəffəqiyyəti fərdin yox, fərdlərin istedadından, zəhmətindən, fədakarlığından asılıdır. Bu mənada bu adı təkcə mənə yox, bütün yevlaxlı mədəniyyət işçilərinə verilən dəyər kimi qəbul edir və ölkə başçısı möhtərəm İlham Əliyev cənabına minnətdarlığımı bildirirəm.

 Almaz Məmmədova

 Almaz İbrahim qızı Məmmədova 1939-cu ildə Yevlax rayonunda anadan olmuşdur. A.Məmmədova rayonun ilk ali təhsilli kitabxana işçilərindən biri olmuşdur. 1958-ci ildə N.Krupskaya adına Bakı kitabxanaçılıq texnikomunu bitirmişdir. 1958-ci ildən kitabanada qiraət zalının müdiri vəzifəsində işləmişdir. 1959-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin tərkibində olan kitabxanaçılıq şöbəsində qiyabi təhsil almışdır. 1965- ci ildə təhsilini başa çatdırmışdır. 1959-cu ildə universitetə qəbul olduqdan sonra kitabxananın müdiri vəzifəsində işləmişdir. 1976-cı il dekabr ayının 1-dən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru təyin edilmişdir. 2004-cü ilə qədər MKS-nin direktoru vəzifəsində işləmişdir. İşlədiyi müddətdə çoxlu sayda fəxri fərmanlarla təltif olunmuşdur. 1982-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1985-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Əmək veteranıdır.

 Eldəniz Mustafayev

 Eldəniz Mustafayev. Bu ad çəkilərkən onu tanıyanların üzünə təbəssüm qonur, gözlər ışıqla dolur, dodaqlar pıçıldayır: onun gözəl səsi var. Bu doğrudan da belədir. Nadir səs tembrinə, güclü hafizəyə, təkrarsız plastikaya malik olan Eldəniz seçilən və tanınan qiraət ustasıdır. 1957 -ci ildə Tərtər rayonunda doğulan Eldəniz Mustafayev, orta məktəbi Yevlaxda bitirib. 2005 -ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məzun olub. Uzun illərdir ki, rayonun Mədəniyyət və Turizm idarəsində Məpkəzi Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. 1997-ci ildə AHİK-in təşkilat dəstəyi ilə keçirilən respublika müsabiqəsində 1-ci yer tutaraq laureat adını qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülməyinin, sevinclərini bizimlə belə bölüşdü: "Yevlaxı sevən, Yevlaxı dəyərləndirən sevimli Prezidentimizə ürəkdən minnətdaram. Yaşadıqlarımın sözlə ifadəsi mümkünsüzdür. Etimada və yüksək qiymətə işimlə layiq olmağa çalışacağam". Eldəniz ailəlidir. 4 övladı, 5 nəvəsi vardır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Aydın Ellazov

 İnsanlar səhhətlərində bir problem yarananda savadlı, təcrübəli həkim axtarırlar. O problem ürəklə bağlı olduqda isə daha ehtiyatlı olurlar, ağrıyan, narahat ürəklərini ancaq seçilmiş, peşəkar həkimə etibar edirlər. Mərkəzi şəhər xəstəxanasının həkim-kardioloqu Aydın Ellazov məhz belələrindəndir. Ömrünün 44 ilini Yevlax səhiyyəsi ilə bağlayan A.Ellazovu indi sahibləndiyi ucalığa ancaq çalışqanlığı, zəhməti, yuxusuz və narahat gecələri çatdırıb.
 O, 1955-ci ildə Yevlax rayonunun Qaramanlı kənd orta məktəbini bitirdikdən sonra sənədlərini tibb texnikumuna verir, daxil olur, oranı müvəffəqiyyətlə bitirir. Amma ağ xalatın işığına heyranlıq, həkim peşəsinə olan vurğunluq onu bir an belə tərk etmir. 1966-cı ildə A.Ellazov təyinatla doğma Yevlaxa Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu kimi dönür. Az bir vaxtda həkim-kardioloq kimi tanınır. Yaxşı işi dəyərləndirilir. Ona kardiologiya şöbəsinin müdiri vəzifəsini həvalə edirlər. 2010-cu ilə qədər bu şöbənin fəaliyyətinin məsuliyyətini daşıyır. A.Ellazov eyni zamanda Qırmızı Aypara Cəmiyyətinin nəzdində yaradılmış tibb texnikumunun direktoru vəzifəsində də çalışır və bacarıqlı tibb işçiləri hazırlanması üçün də qayğısını əsirgəmir.
 "Ali dərəcəli kardioloq" fəxri adı, "SSRİ səhiyyə əlaçısı" döş nişanı A.Ellazovun həkimlik fəaliyyətinin dəyərləndirmələridir. Onun ömür-gün yoldaşı Fəridə Quliyeva da həkimdir. Qızı Kəmalə də valideynlərinin yolu ilə gedir. Pediatrdır. Oğlu Anar vergi sistemində çalışır. Aldığı "Əməkdar həkim" fəxri adının sevincini yaşayan 72 yaşlı həkim bunu ölkə başçısının insan əməyinə həssas münasibəti ilə əlaqələndirir və bunun üçün Prezidentə minnətdarlığını bildirir: -Bu təkcə mənim yox, bütövlükdə Yevlax səhiyyəsində çalışan insanların əməyinə verilən çox böyük qiymətdir və bizlərdən ən qiymətli sərvət olan insanların sağlamlığı keşiyində ləyaqətlə durmaq məsuliyyətini tələb edir.

 Zemfira Məmmədova

 Vaxtilə onun haqqında belə yazmışdım: "Zemfira həkim qaranlıq otaqda rentgen cihazının şüa saçan ekranı ilə ondan imdad gözləyən xəstəsinin ümidlə çarpan ürəyi arasında dayanıb. Sanki nüfuzedici gözlərindəın şəfqət, həssaslıq, mərhəmət tökülür. Bir an sonra pasiyentinə söyləməli olduğu sözlərin hərarətiylə isinən həkim, bəzən bu diaqnozun soyuğu, şaxtası ilə donur, üşüyür".
 Bu arada ürəyinə daha çox yatan rentgenoloq ixtisasına yiyələnib. 1980-ci ildən etibarən taleyini indi ona sevimli və mehriban ana qucağı kimi gələn Yevlaxla bağlayıb. Şəhərimizin çeşidli tibb müəssisələrində rentgenoloq kimi səviyyəli, peşəkar, öncül və arqumentli fəaliyyəti ilə seçilib-fərqlənib. Harada işləməsindən asılı olmayaraq həm kollektivin, həm də ona müraciət edənlərin qəlbini humanizmi, sadəliyi və mərhəməti ilə fəth edib. Bu günlərdə ölkə başçısı tərəfindən həkimlik praktikasının yüksək dəyərləndirilməsini, "Əməkdar həkim" fəxri adına layiq görülməsini Zemfira həkim qürur və iftixarla, həm də böyük minnətdarlıq duyğuları ilə qarşılayır. Deyir ki, dövlətimizin başçısının ona verdiyi dəyər ömrümə sanki ömür caladı. Göstərdiyi etimadı daha səviyyəli işlərimlə doğrultmağa çalışacağam.

 Tünzalə Şabanova 

 Tünzalə Şabanova uşaqlıqdan həkim olmaq istəyi onu rahat buraxmayıb. Quş qanadlı illər gənc qızı öz arzusuna aparan ünvana yetişdirib. Necə deyərlər, ilk gündən bəxti ona yar olub, bu gənc mütəxəssis təyinatla rayonun Epidiomoloji şöbəsinə müdir göndərilib. Elə o vaxtdan, yəni 1971-ci ildən müdirdir. Yevlaxımızın Gigiyena-Epidimiologiya Mərkəzinin direktoru kimi böyük bir kollektivə rəhbərlik edən Tünzalə xanım şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında yaxından iştirak edir, onun ən böyük amalı rayonun işıqlı gələcəyi naminə çalışmaqdır. Bir şəxsiyyət kimi olduqca təvazökardır. Dövlətimizin başçısının 12 yanvar 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" adına layiq görülməsini həyatının ən unudulmaz, ən xoşbəxt olaylarından sayır. Qəlbi sevimli Prezidentinə minnətdarlıq duyğuları ilə çarpan Tünzalə həkim bu yüksək fəxri adı özünün "kiçik əməyinə verilən böyük dəyər" kimi qiymətləndirir. Tünzalə xanım həm də fədakar, istiqanlı bir anadır. 2 övladı, 5 nəvəsi var. Bilmirəm xəbəriniz varmı, amerikan alimləri yenicə elmi yolla sübut ediblər ki, günün 7 saatını nəvələrinə həsr edən, onlarla vaxt keçirən yaşlı insanların ömrü uzun olur. Həkim xanım da nəvələri ilə vaxt keçirməyi çox sevir, əslində bütün asudə saatlarını onlara həsr edir.

 Nazim Seyidov

 Son dönəmlərin Yevlaxı... Yenidən tikilən, qurulan, abadlaşan, yaşıllaşan, gündüzlər romantik görünüşlü bağların, parkların, fəvvarələrin, gecələr minbir rəngli işıqların cazibəsində gözümüzü-könlümüzü oxşayan şəhərimiz. İndi sizə təqdim etdiyim mühəndis və iş icraçısı Nazim Seyidov bu gözəlliyi yaradanlardan biridir. Ali məktəbi başa vurduqdan sonra Vətənə hərbi xidmət borcunu da ləyaqətlə yerinə yetirir.
 1989-cu ildən etibarən şəhərin müxtəlif təmir-tikinti idarələrində çalışır. Amalı və həyat kredosu ülvidir: əməyinin dəyərini, ailə səadətini yaşadığı, övladlarının dünyaya göz açdığı Yevlaxı şəhərlər içərisində müasir, yaraşıqlı, cazibədar, hər binası, hər meydanı, hər küçəsi ilə ürəkaçan, gözoxşayan görmək. Deyirlər, hər arzu qarşıya qoyulan bir məqsəddən qaynaqlanır. Məqsədyönlü fəaliyyəti Nazim Seyidova bir iş icraçısı və mühəndis kimi uğur gətirib.  Dövlətimizin başçısının müvafiq sərəncamı ilə respublikanın "Əməkdar mühəndis" fəxri adına layiq bilinən Nazim Seyidovun sevincinin bu günlərdə sərhədləri görünmür. Görünən odur ki, belə yüksək dəyər onu gələcəkdə daha yaxşı, daha səviyyəli çalışmağa səsləyir.

                             

 Azər Abdullayev    

 Azər Abdullayev 1951-ci ildə Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olmuşdur. 1970-ci ildə Gəncə Dövlət Üniversitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1974-ci ildə ali məktəbi bitirib təyinatla Dağlıq Qarabağa getmiş, 1974-cü ildən 1976-cı ilə kimi Şuşada müəllim işləmişdir. 1978-ci ildən 8 №-li məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1994-cü ildən həmin məktəbdə direktor müavini vəzifəsində işləyir. 2012 – ci il onun üçün olduqca əlamətdar və unudulmazdır. Səmərəli fəaliyyətinə görə ökə Prezidentinin Sərəncamı ilə Azər Abdullayev “Tərəqqi” medalına layiq görülmüşdür. Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşması, həyatın enişli-yoxuşlu yollarına tab gətirməsi üçün mənəvi azuqədir. Bu azuqəni yetirmələrindən əsirgəməyən Azər müəllim istedadlı müəllim olduğu qədər də, hamının, həm həmkarlarının, həm də bu məktəbdə təhsil alan bütün şagirdlərin sevgisini qazanmağa nail olmuş humanist bir insandır. Üç övladı iki qızı bir oğlu, və iki nəvəsi var. 

 Vaqif Quliyev

 "Əməkdar müəllim" fəxri adını almış bir həmyerlimiz də hamınızın yaxşı tanıdığı ziyalılarımızdandır. Vaqif Quliyev yurdumuzun Xaçmaz bölgəsinin Alekseyevka kəndində doğulub boya-başa çatsa da, 1968-ci ildən, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra üz tutduğu Yevlaxı özünə sözün həqiqi mənasında doğma bilir.
 Onun əmək bioqrafiyasında Uşaq-gənclər idman məktəbində dərs hissə müdiri, 1 saylı şəhər orta məktəbində bədən tərbiyəsi müəllimi və nəhayət artıq 27 ildir ki, Şahmat məktəbinin direktoru kimi çalışmalar daxildir. 71 yaşlı idman mütəxəssisi həm də ailə başçısıdır.


 Kamil Həmzəyev

 Müdriklik kitabı "Kəlilə və Dimnə" də belə bir pritça var: "Dəfələrlə sübut olub, hər dövrün öz gərdişi, hər peşənin öz adamı, hər adamın öz işi var". Kamil Həmzəyev bu mənada xoşbəxt adamdır, çünki o məhz öz işi ilə məşğul olur, adına yaraşan tərzdə peşəsində də kamildir, uğurludur. 1950-ci ildə rayonumuzun Nəmərli kəndində doğulan Kamil Gəncədə ali pedaqoji təhsil aldıqdan sonra bir müddət Ağdaşda işləyib. Yenidən doğma Nəmərli kəndinə qayıdan gənc müəllim buradakı orta məktəbdə müəllim, direktor müavini, hətta direktor da işləyib. Özünü savadlı, bilikli və bacarıqlı bir pedaqoq kimi daim təsdiq edib. 1990-cı ildən üzübəri şəhərimizin qabaqcıl tədris ocaqlarından sayılan 4 nömrəli məktəbdə dərs hissə müdiri kimi cəmiyyətimizə çox gərəkli olan pedaqoji fəaliyyətlə məşğuldur.  Sevib-seçdiyi ömür-gun yoldaşı da müəllimədir və bu faktı mütləq vurğulamağa dəyər ki, Kamil müəllimlə yanaşı bir kollektivdə həyat yoldaşı və onların yolunu davam etdirən qızları da təhsil işçisi kimi çalışırlar. Bu da uğurun və səadətin daha bir akkordu deyilmi?
"Əməkdar müəllim" fəxri adının təəssüratlarını Kamil müəllimin dilindən belə eşidirik: "Azərbaycanı sevən və azərbaycanlılar tərəfindən sevilən dövlət başçımızın mənim əməyimə verdiyi bu qiyməti Yevlaxın bütün təhsil sferasına aid edirəm. Bu dəyər bizdən milli təhsilimizə daha böyük, daha müasir yanaşmalar, səviyyəli pedaqoji çalışmalar tələb edir. Böyük etimada layiq olmalıyıq".

 Paşa Orucov

  Sadə bir həmkarlar ittifaqı işçisinə Azərbaycan Prezidentinin belə yüksək dəyər verməsi ürəyimi dağa döndərdi,mənə yeni bir yaşamaq, işləmək, çalışmaq stimulu, həyat eşqi bağışladı. İnanın ki, mən qətiyyən bunu gözləmirdim. Və gözləmədiyim bu mükafatın ikiqat sevincini, səadətini yaşayıram. Azərbaycanı dünya dövlətləri sırasına çıxaran möhtərəm Prezidentimizə,daxili və xarici siyasəti ilə mükəmməllik yaradan,ulu öndərin layiqli davamçısı İlham Əliyev cənablarına minnətdaram. "Tərəqqi" medalına layiq görülməyim həyatımın ən xoşbəxt səhifəsi,ən uğurlu mərhələsidir.
Bu sözlərin müəllifi Paşa Orucov 1958-ci ildə şəhərimizdə doğulub. Ali təhsilli mütəxəssisdir. Bir çox təşkilat və qurumlarda çalışıb.2004-cü ildən etibarən çalışanların mənafeyini müdafiə edən həmkarlar ittifaqı sahəsində fəaliyyət göstərir. "Kənd.Qida.İş" Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin sədridir.
Ailəlidir.İki övladı vardır.

 Knyaz Əliyev

 Ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamla "Tərəqqi" medalı ilə təltif olunmasını Knyaz Əliyev böyük sevinc və minnətdarlıq hissi ilə qarşıylayır.
Deməyə sözü çoxdur. Bildirir ki, şükürlər olsun, ölkəmiz müstəqillik qazandı, ulu Heydər Əliyevin yenidən, həm də respublikamızın taleyinin ən ağır mərhələsində hakimiyyətə gəldi, bir xoşbəxtlikdir ki, onun fiziki yoxluğundan sonra layiqli varisi olan İlham Əliyev cənabları xalqın iradəsi ilə artıq ikinci müddətə ölkəmizin Prezidentidir.
Bizim də K.Əliyev barədə deyəcəklərimiz var.
1939-cu il doğumlu olan K.Əliyev ixtisasca mühəndisdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitututunun avtomobil yollarının tikintisi və istismarı fakültəsini bitirib. Elə həmin ildən də şəhərimizdəki 4 saylı yol istismar sahəsində mühəndis, baş mühəndis, daha sonra Dəmir-beton məmulatları zavodunda direktor vəzifələrində işləyib.
Təcrübəsi, biliyi və bacarığı diqqəti cəlb edən K. Əliyev uzun müddət Yevlax Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Daha sonra Tütün fermentləmə zavodunun direktoru, "Tütün fermentləmə" MMC-nin sədri vəzifələrində fəaliyyət göstərib.

 Gülüstan Əliyeva

 Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan Həsən qızı Əliyeva 8 aprel 1967-ci ildə Yevlax şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında 1997-ci ildən çalışır. O, Bülbül adına orta ixtisas musiqi məktəbinin muğam sinfi - xalq artisti İslam Rzayevin sinfini bitirmiş, sonra isə muğamın sirlərini Azərbaycan Dövlət Konservatoriyasında məşhur muğam ustası, professor Arif Babayevdən öyrənmişdir.
Gözəl səhnə görkəmi və əla vokal imkanlarına malik olan G.Əliyeva teatrın səhnəsində bir-birinin ardınca çox uğurla bir neçə obraz - «Leyli və Məcnun»da əvvəlcə Məcnunun anası, sonra isə Leyli, «Aşıq Qərib»də Şahsənəm, «Gəlin qayası»nda Sənəm, «Şah İsmayıl»da Ərəbzəngi «Arşın mal alan»da xala və s. rollar yaratmağa müvəffəq olmuşdur. Uğurları ilə kifayətlənməyən gənc vokalçı çox böyük tələbkarlıqla ustalığını artırmaq üzərində çalışır, çoxlu məşqlər edir, təcrübəli muğam və opera sənətçilərinin biliyindən faydalanmağa çalışır. Hazırda Ü.Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında Sənəm partiyası üzərində çalışır.
G.Əliyeva konsert fəaliyyəti ilə də məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bəstəkar mahnılarını, muğamları böyük ustalıqla ifa edir. Gənc müğənni həmçinin hökumət səviyyəsində keçirilən tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur.
Azərbaycan milli muğam sənətini dünyanın bir sıra ölkələrində – İran, Türkiyə, Moldova, və s. ləyaqətlə təmsil etmişdir.

 İdris Nəbiyev

 O, muğamlarımızın mahir ifaçılarındandır. El arasında "Zil İdris" adı ilə məşhurdur. Onunla söhbətə də elə "Zil İdris"in yaranması ilə başladıq. Bildirdi ki, zildə ifa etmək hər oxuyanın işi deyil. Amma o nəinki muğam və mahnılarımızı, bu yaşacan apardığı toy şənliklərində bəy tərifini belə zil səslə, həm də əziyyət çəkmədən, sərbəst gəzişmələrlə oxuyub. Odur ki, "Zil İdris" kimi də tanınır.
"Əməkdar mədəniyyət işçisi" fəxri adını alması münasibətilə təbrik etdiyimiz xanəndə İdris Nəbiyevlə söhbətin mabədi də olduqca maraqlıdır. Azərbaycan muğamının ünlü ifaçıları Xan Şuşinski, Arif Babayevlə həmişə məclis yola salıblar. 
İdris Nəbiyev fəxrlə bildirir ki, muğamlarımızın hamısını dəsgah halında ifa edib. Xanəndə respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya qəzetimiz vasitəsilə minnətdarlığını çatdırmağımızı da xüsusi xahiş edir:-Məhz onun sayəsində bu gün muğamımız dünyanı dolaşır, ifaçılığın gəncləşməsi qayğısına qalınır, yəni xalqın bu sahəyə sevgisi olan istedadlı oğul və qızları seçilir, muğamımız etibarlı əllərə tapşırılır.
Oğul-uşaq, nəvə sahibi olan İdris Nəbiyev bu gün də səsi ilə musiqi və toy məclislərini bəzəyir, insanlara mənəvi zövq verir.

                       Tofik İskəndərov

 Hamımızın yaxşı tanıdığı, şəhər Uşaq- Gənclər İdman Məktəbinin direktoru, "Tərəqqi" medallı Tofiq İsgəndərov daha bir fəxri ada- "Respublikanın əməkdar məşqçisi" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi həmyerlimizi rayonda idmanın kütləviliyinə nail olduğuna, gənclərin fiziki sağlamlığı naminə fəaliyyətinə görə təltif edib.
Məlumat üçün bildirmək istərdik ki, Tofiq İsgəndərovun pedaqoji fəaliyyəti 2010-cu ildə daha böyük mükafata layiq görülmüşdü. Ölkə Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif edilmişdi.
Tofiq İsgəndərov 1973-cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki Bədən Tərbiyəsi və İdman Akademiyasını) bitirdikdən sonra şəhərimizdəki 1 nömrəli tam orta məktəbdə bədən tərbiyəsi və idman müəllimi kimi fəaliyyətə başlayıb.
On il sonra, 1983-cü ildə ona etimad göstərilir, şəhərimizdə yeni yaradılmış Uşaq-Gənclər İdman Məktəbinə əvvəl dərs hissə müdiri, 1992-ci ildən isə direktor vəzifəsinə irəli çəkilir. Artıq 20 ildir ki, Tofiq İsgəndərov şəhərimizdə gənc idmançıların yetişdirilməsi sahəsində öz uğurları olan Uşaq-Gənclər İdman Məktəbinə rəhbərlik edir.
Əldə etdiyi nailiyyətlərin sevincini bölüşür və Tofiq İsgəndərovu yeni mükafatı münasibətilə ürəkdən təbrik edirik.

 İlham Rəhimli

 Rəhimli İlham Əziz oğlu - teatrşünas, əməkdar incəsənət xadimidir. İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 - 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.
Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışır.
Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlarr İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.
Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatlarıı laureatıdır.1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Sənətşünaslıq doktoru və professorudur.

  

  Əsərləri

1. Sənət vurğunu (SSRİ xalq artisti İsmayıl Dagıstanlı barədə monoqrafiya). - Bakı, "Bilik", 1978-ci il. 114 səhifə.
2. Ağasadıq Gəraybəyli. - Bakı, "Yazıçı", 1979. 142 səhifə.
3. Səhnə. Ekran. Müasirlik. - Bakı, "Yazıçı", 1980. 108 səhifə.
4. Dramaturgiya və teatr.- Bakı, "İşıq", 1984. 146 səhifə.
5. Habil kaman (xalq artisti Habil Əliyev barədə monoqrafiya). - Bakı, "İşıq", 1987. 88 səhifə.
6. Rəssam Hafiz Zeynalov səhifə. - Bakı, "İşıq", 1987, 116 səhifə.
7. Sənət yolu, sənətkar ömrü. - Bakı, "Yazıçı", 1988. 224 səhifə.
8. Səyavuş Aslan. - Bakı, "İşıq", 1989. 94 səhifə.
9. Səttar dünyası (rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığı). - Bakı, "İşıq", 1990. 1972 səhifə.
10. Sənətdə keçən ömür (Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu və Səyavuş Aslan haqqında monoqrafiyalar toplusu). - Bakı, "Gənclik", 1992. 326 səhifə.
11. Segah yanğısı (xalq artisti,xanəndə Arif Babayev haqqında monoqrafiya). - Bakı, "İşıq", 1991. 158 səhifə.
12. Aktyor ömrünün dolayları. - Bakı, "İsmayıl", 1998. 142 səhifə.
13. Füzuli meydanında sənət məbədi(Akademik Milli Dram Teatrının yaradıcılıq yolu). - Bakı, "Sabah", 1996. 166 səhifə.
14. Aktyora oxşamayan adam (Həsən Turabov haqqında monoqrafiya). - Bakı, "Günəş", 2000. 354 səhifə.
15. Akademik Milli Dram Teatrı (iki cilddə) 1-ci cild. - Bakı, "Qapp-Poliqraf", 2002. 440 səhifə.
16. Akademik Milli Dram Teatrı (iki cilddə) 2-ci cild. - Bakı, "Qapp-Poliqraf", 2002. 464 səhifə.
17. Səhnəmizin fədailəri (birinci kitab). - Bakı, "Qapp-Poliqraf", 2002. 302 səhifə.
18. Xalq oyun-tamaşaları. - Bakı, "Qapp-Poliqraf", 2002. 238 səhifə.
19. Sumqayıt Dövlət Musiqili Dram Teatrı. - Bakı, "Qapp-Poliqraf", 2002. 126 səhifə.
20. Azərbaycan milli teatrının poetikası. - Bakı, "Qapp-Poliqraf", 2002. 224 səhifə.
21. Azərbaycan Dövlət Kukla Teatrı. - Bakı, "Nağıl evi", 2002. 208 səhifə.
22. Aşqabad Dövlət Azərbaycan Teatrı. - Bakı, "Qapp-Poliqraf", 2002. 168 səhifə.
23. Üç əsrin yüz otuz ili(milli teatrımızın inkişaf yolu və bu günü). - Bakı, "Qapp-Poliqraf", 2003. 262 səhifə.
24.Həzin ömrün nağılı (Bəşir Səfəroğlunun yaradıcılığı). - Bakı, "Çaşıoğlu", 2004. 126 səhifə.
25. Kəsişən paralellər(Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2004. 308 səhifə.
26. Kəsişən paralellər(Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya. Rus dilində). - Bakı, "Çaşıoğlu", 2004. 270 səhifə.
27. Bakı Türk İşçi Teatrı. - Bakı, "Elm", 2004. 186 səhifə.
28. Azərbaycan teatr dünyası(Azərbaycan,rus və ingilis dillərində). - Bakı, 2004. 88 səhifə.
29. Azərbaycan teatrının estetik prinsipləri (dərslik). - Bakı, "Çaşıoğlu", 2004. 280 səhifə.
30. Səhnəsiz gülüş. - Bakı, "Çaşıoğlu", 2004. 268 səhifə.
31. Azərbaycan teatr tarixi(Dərslik). - Bakı, "Çaşıoğlu", 2005. 862 səhifə.
32. Təbriz Azərbaycan Teatrı. - Bakı, "Çaşıoğlu", 2005. 156 səhifə.
33. Barat Şəkinskaya. - Bakı, "Tutu", 2005. 150 səhifə.
34. Səhnə sehrinin sirdaşı(Amaliya Pənahova haqqında monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2005. 334 səhifə.
35. Qəlbin hərarət işığı(Rəhilə Cabbarova haqqında monoqrafiya). - Bakı, "Elm", 2007. 170 səhifə.
36. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. - Bakı, "E.L.", 2007. 328 səhifə.
37. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. (Rus dilində). - Bakı, "E.L.", 2007. 112 səhifə.
38. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. - Bakı, "E.L.", 2007. 108 səhifə.
39. Seçilmiş məqalələr. - Bakı, "Çaşıoğlu", 2008. 522 səhifə.
40. Qırx ilin sənət naxışları(Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı). - Bakı, "Aspoliqraf", 2008. 208 səhifə.
41. Naxçıvan teatrı(Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı. Kitab Cəlil Vəzirovla birlikdə yazılıb). - Bakı, "Aspoliqraf", 2008. 352 səhifə.
42. Azərbaycan Dövlət Opera və Balet Teatrı. - Bakı, "Nağıl evi", 2008. 376 səhifə.
43. Məram: Məbədə doğru gedən yol (Mir Cəlalın yaradıcılığının səhnə həyatı). - Bakı, "Çaşıoğlu", 2009. 384 səhifə.
44. Zaman zaman içində.(Vaqif İbrahimoğlu haqqında monoqrafiya). - Bakı, "Mütərcim", 2010. 512 səhifə.
45. Səhnədə ucalan əzəmət. (İbrahim Həmzəyev haqqında monoqrafiya). - Bakı, "Çaşıoğlu", 2010. 488 səhifə.
46. Azərbaycan Teatrı 4 cilddə.Birinci kitab: Zamanın içində sayrışan tarix. - Bakı, "Çaşıoğlu", 2010. 320 səhifə.
47. Azərbaycan Teatrı 4 cilddə.İkinci kitab: Sənətdə təkamül və tərəqqi. - Bakı, "Çaşıoğlu", 2010. 320 səhifə.
48. Azərbaycan Teatrı 4 cilddə.Üçüncü kitab: Yetkinlik çağlarının sənət sorağı. - Bakı, "Çaşıoğlu", 2010. 320 səhifə.
49. Azərbaycan Teatrı 4 cilddə.Dördüncü kitab: Dünəndən sabaha körpü salanlar. - Bakı, "Çaşıoğlu", 2010. 320 səhifə.

        Filmoqrafiya

1. "İsmayıl Dağıstanlı". (1978).
2. "Eksperiment". (1984).
3. "Habil Kaman". (1984).
4. "Biz Qayıdacağıq". (2007. I seriya).
5. "Biz Qayıdacağıq". (2007. II seriya).
6. "Yorulmamışam" (Rövşən Behcət haqqında. 2007).
7. "Aktyorlar və rollar". (Portret janrında səhnə ustaları haqqında silsilə televiziya verilişləri. 1972 - 1989 AzTV).
8. "Yeni Tamaşalar". (Silsilə televiziya verilişləri. 1973 - 1989. AzTV).
9. "Ekran, Kino, Yeniliklər". (Silsilə televiziya verilişləri. 1974 - 1979. AzTV).
10. "Səhnə üçün doğulmuşlar". (Silsilə televiziya verilişləri. 1974 - 1989. AzTV).
15. "Tamaşalar. Aktyorlar. Rollar". (Silsilə televiziya verilişləri. 1975 - 1991. AzTV).
11. "Sənət adamları". (Portret janrında incəsənət xadimləri haqqında silsilə televiziya verilişləri. 1972 - 2010. AzTV).
12. "Ziyalının iş otağı". (Silsilə televiziya verilişləri. 2005 - 2006. "Space" telekanalı).
13. "Kinoklub". (Silsilə televiza verilişləri. 2007 - 2008. AzTV).
14. "Sərbəst söhbət". (Silsilə televiziya verilişləri. 2009 - 2010. AzTV).
15. "Teatr". (Silsilə televiziya verilişləri. 2010. AzTV).

                           Zahid Xəlil

Yazıçı və şair Zahid Xəlilov 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Təşəbbüs" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub.
1969-1970-ci illərdə Universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.
“Vətənim” adlı ilk şeri 1958-ci ildə, “Yeni Yevlax” qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə redaksiyanın “Zolotoy telyonok” mükafatına layiq görülüb. Uşaq yazıçısı kimi tanınır.
Onun “Uçan çıraqlar”, “Qarışqalar”, “Mən rəngləri tanıyıram”, “Göydən üç alma düşdü”, “Quşlar, quşlar”, “Torağaylar oxuyur”, “Ballıca”, “Çıraq nənənin nağılları” kimi kitabları var.

     Yaradıcılığı:

      Əsərləri:

 1.Uçan çıraqlar. Bakı: Gənclik, 1969, 42 səh.
2.Qarışqalar. Bakı: Gənclik, 1971, 12 səh.
3.Mən rəngləri tanıyıram. Bakı: Gənclik, 1972, 98 səh.
4.Göydən üç alma düşdü. Bakı: Gənclik, 1974, 119 səh.
5.Quşlar, quşlar. Bakı: İşıq, 1977, 36 səh.
6.Torağaylar oxuyur. Bakı: Gənclik, 1979, 78 səh.
7.Ballıca. Bakı: Gənclik, 1981, 247 səh.
8.Çıraq nənənin nağılları. Bakı: Gənclik, 1983, 231 səh.
9.Cırtdanla Azmanın yeni macəraları. Bakı: Gənclik, 1985, 355 səh.
10.Odlar yurdunun paytaxtı. Bakı: Gənclik, 1992, 105 səh.
11.Dünyanın ən balaca nağılları. Bakı: «Nağıl evi», 2002, 175 səh.

 Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan Ümumittifaq Konfranslarda iştirak etmişdir. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olmuşdur.

      Tərcümələri:

  (ruscadan)
1.Yuri Kuşak. Qonaq gedir ağ gəmi. Bakı: Gənclik, 1983, 91 səh.


 Haqqında olan ədəbiyyat
1.Əsgərli Ə. Sənətkarın uşaq dünyası. Bakı: ADPİ, 2003, 145 s.
2.Ağayev Ş. Dünyanın ən balaca nağıllarını yaradan insan. "Təhsil", 2002, 6 aprel.
3.Ələsgərli F. Uşaqları söz sehrinə salan şair. "Vətən səsi", 2002, 23 mart.
4.Əzimov S. Uşaqların, oxucuların sevimlisi Zahid Xəlil. "Təzadlar", 2004, 4-11 may.
5.Mehdiyeva A. Uşaqların sevimli sənətkarı. "Gəncənin səsi", 2004, 8 mart.
6.Rüstəmzadə H., Muradova A. Bahar ətirli şerlər. "Gəncənin səsi", 2003, 19 iyun.
7.Uşaqlarımızın yaxın dostu, böyüklərin həmdəmi Zahid Xəlil. "Vətən səsi", 2001, 16 fevral.
8.Uşaqların sevimlisi. "Tumurcuq", 2000, N4, s.1.
9.Uşaqların taleyindən narahat olan şair. "Xalq nəzarəti&qu1.ot;, 2003, dekabr.

                         Mustafa Əhmədov

 Mustafa Əhmədov ixtisasca jurnalistdir. Əmək fəaliyyətinə mürəttib kimi başlayan həmkarımız Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi yolla təhsilini də davam etdirib, işlədiyi "Təşəbbüs" qəzetində korrektor, ədəbi işçi,baş ədəbi işçi, şöbə müdiri, redaktor müavini və redaktor kimi fəaliyyət göstərib.
M.Əhmədov həm də o zaman ali siyasi təhsil verən Ali Partiya Məktəbini də bitirib və müxtəlif illərdə Azərbaycan KP Yevlax Şəhər Komitəsində təlimatçı və şöbə müdiri kimi çalışıb. Oxumağa böyük marağı və həvəsi olan M.Əhmədov həm də Kənd Təsərrüfatı Akademiyasının məzunudur. Təşkilatçı-iqtisadçıdır.
1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi olan M.Əhmədov 10 ilə yaxındır ki, Yevlax Statistika İdarəsinin rəisidir.
1992-ci ildən YAP-ın üzvü olan M.Əhmədov elə həmin ildən də YAP Siyasi Şurasının üzvüdür. Üç qız, iki oğul atasıdır. 
M.Əhmədov gözəl qələmi olan jurnalist kimi "Qızıl qələm" mükafatı laureatıdır. Amma səmimi şəkildə etiraf edir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamda adını "Tərəqqi" medalı alanların sırasında görəndə sevincinin həddi-hüdudu olmayıb və bu sevinci ona yaşatdığına görə dövlət başçısına minnətdardır.

 Məmməd Qəhrəman

 Məmməd Qəhrəman oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Yeddi illik təhsilini Yevlax şəhər dəmiryol məktəbində başa vurmuşdur. Böyük vətən müharibəsi dövründə 1942-ci ilin avqustundan 1943-cü ilin oktyabrına kimi yevlaxda yerləşən hərbi aviasiya məktəbində əvvəlcə sürücü, sonralar isə tornaçı işləmişdir. 1943-cü ildən - 1948-ci ilə kimi Yevlax mülki aviasiya idarəsində çalışmışdır. 1949-1952-ci illərdə Yevlax şəhər partiya komotəsində şöbə müdiri vəzifəsində işləmişdir. M.Məmmədov 1952-ci ildən həyatını mətbuatla bağlayıb. “On il Yeni Yevlax” qəzetində məsul katib işləyib. 1965- ci ildə Yevlax şəhər birləşmiş məətbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu müddət ərzində yaradıcılıqla müntəzəm məşğul olmuş, onun müxtəlif janırlı məqalələri, ser və hekayələri rayon qəzeti ilə yanaşı “ Ədəbiyyat və incəsənət ” qəzetində, habelə “Ulduz”, “Kirpi ” jurnallarında dərc olunmuşdur. M. Məmmədov təqaütddə olarkən belə mətbuatdan, yazıb yaratmaqdan uzaq düşməmişdir. Yevlax oxucularının Məmməd Qəhrəman kimi tanıdıqları qocaman yazarın bir-birindən maraqlı hekayə, rəvayyət və satirik şerləri Kür qəzetində müntəzəm dərc olunmuşdur. 
İlk şerlər kitabı “Qəlbimə köçən dünya” adı ilə çap olnmuşdur. Şairin ikinci kitabı isə “ Oxunmamış dastandır sinəm”, üçüncü kitabı isə “Bir dünya sevinc” adlı kitabları olmuşdur. “Bir dünya sevinc”şairin bütün yaradıcığının toplusudur. Kitaba ön sözü həmyerlimiz şair, filologiya elimləri doktoru, professor Zahid Xəlil yazmışdır.