Əminə Yusif qızı
Əhmədova
Əminə Yusif qızı 1951-ci il iyun ayının 1-də Yevlax şəhərində anadan
olmuşdur.1968-ci ildə M.F.Axundov adına 1 №-li orta məktəbi, 1975ci ildə isə
Azərbaycan Dövlət Unversitetinin jurnalistika fakultasini bitirmişdir. 1976-cı
ildə Yevlaxda çıxan “ Təşşəbüs” qəzetində ( sonrakı adı “ Kür”) ədəbi işçi,
sonra şöbə müdiri işləmişdir. 1991-ci ildə “Kür” qəzetinin baş redaktoru
vəzifəsinə irəli çəkilmişdir və hazırda o vəzifədə çalışır.
Respublika mətbuatında uzun illər səmərəli fəaliyyətinə görə “Qızıl
qələm” mükafatına (1982-ci il), iki dəfə H.B.Zərdabi adına mükafata
(1993-2001-ci illər) layiq bilinmişdir. 1991-ci ildən Respublikanın Əməkdar
Jurnalistidir. 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı
ilə təltif olunmuşdur. İctimai işlərdə fəal olmuş, 1990-1995 ci illərdə şəhər
xalq deputatları sovetinin deputatı olmuşdur. Çalışdığı müddətdə qadınlar
arasında iş aparılmasında fəallıq göstərmiş, işgüzar qadın hərəkatında uzun müddətli
səmərəli fəaliyyətinə görə Məhsəti Gəncəvi adına mükafata (1995-ci il) layiq
görülmüşdür. YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədridir. İcra
Hakimiyyəti Başçısı yanında Şuranın üzvüdür.
Ailəlidir. Bir oğlu, bir qızı var.
İlqar Əhmədov
İlqar Əhmədovu o zamankı İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə incəsənətə olan böyük sevgi və həvəsi aparıb. Bu sahədə fəaliyyətə bir müəssisə klubunun müdiri kimi başlayıb. Təcrübəsi artdıqca onu savadlı, bacarıqlı kadr kimi irəli çəkiblər. Metodist və inspektor kimi vəzifələr həvalə olunanda təkcə sevinməyib, həm də məsuliyyət hiss edib, etimadı doğrultmağa çalışıb. 1998-ci ildə isə çalışdığı kollektivə rəhbərlik ona tapşırılıb. Təşəbbüskarlığı, işə yaradıcı münasibəti ilə seçilən İ.Əhmədov rəhbərlik etdiyi Mədəniyyət və Turizm şöbəsinin nəzdində uzun illər fəaliyyət göstərən B.Səfəroğlu adına xalq teatrının işini daha da canlandırmağa diqqət yetirməklə yanaşı, yevlaxlı balaca teatrsevərlər üçün Kukla teatrının yaradılmasına əmək sərf edənlərdən biri oldu. Uşaqlardan ibarət yaratdığı "Pöhrələr" xalq çalğı alətləri ansamblı da onun təşəbbüsünün yetirməsi idi. Onun yaradıcısı olduğu, "Karvan" instrumental ansamblının 20 yaşı var. Bu ansamblla o Respublika hüdudlarından kənarda-Rusiyada, Türkmənistanda Azərbaycan musiqisinin təmsilçisi kimi çıxışlar edib.İlqar Əhmədovun mədəniyyət sahəsindəki xidmətləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyi tərəfindən hər zaman müsbət dəyərləndirilir. Amma özü də səmimi şəkildə etiraf edir ki, sevincinə səbəb günlərdir yaşadığı "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi, əməyinə verilən əvəzsiz mükafatdır. İncəsənət elə bir sahədir ki, onun müvəffəqiyyəti fərdin yox, fərdlərin istedadından, zəhmətindən, fədakarlığından asılıdır. Bu mənada bu adı təkcə mənə yox, bütün yevlaxlı mədəniyyət işçilərinə verilən dəyər kimi qəbul edir və ölkə başçısı möhtərəm İlham Əliyev cənabına minnətdarlığımı bildirirəm.
Almaz Məmmədova
Almaz İbrahim qızı Məmmədova 1939-cu ildə Yevlax rayonunda anadan olmuşdur. A.Məmmədova rayonun ilk ali təhsilli kitabxana işçilərindən biri olmuşdur. 1958-ci ildə N.Krupskaya adına Bakı kitabxanaçılıq texnikomunu bitirmişdir. 1958-ci ildən kitabanada qiraət zalının müdiri vəzifəsində işləmişdir. 1959-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin tərkibində olan kitabxanaçılıq şöbəsində qiyabi təhsil almışdır. 1965- ci ildə təhsilini başa çatdırmışdır. 1959-cu ildə universitetə qəbul olduqdan sonra kitabxananın müdiri vəzifəsində işləmişdir. 1976-cı il dekabr ayının 1-dən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru təyin edilmişdir. 2004-cü ilə qədər MKS-nin direktoru vəzifəsində işləmişdir. İşlədiyi müddətdə çoxlu sayda fəxri fərmanlarla təltif olunmuşdur. 1982-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1985-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Əmək veteranıdır.
Eldəniz Mustafayev
Eldəniz Mustafayev. Bu ad çəkilərkən onu tanıyanların üzünə təbəssüm qonur, gözlər ışıqla dolur, dodaqlar pıçıldayır: onun gözəl səsi var. Bu doğrudan da belədir. Nadir səs tembrinə, güclü hafizəyə, təkrarsız plastikaya malik olan Eldəniz seçilən və tanınan qiraət ustasıdır. 1957 -ci ildə Tərtər rayonunda doğulan Eldəniz Mustafayev, orta məktəbi Yevlaxda bitirib. 2005 -ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən məzun olub. Uzun illərdir ki, rayonun Mədəniyyət və Turizm idarəsində Məpkəzi Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. 1997-ci ildə AHİK-in təşkilat dəstəyi ilə keçirilən respublika müsabiqəsində 1-ci yer tutaraq laureat adını qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülməyinin, sevinclərini bizimlə belə bölüşdü: "Yevlaxı sevən, Yevlaxı dəyərləndirən sevimli Prezidentimizə ürəkdən minnətdaram. Yaşadıqlarımın sözlə ifadəsi mümkünsüzdür. Etimada və yüksək qiymətə işimlə layiq olmağa çalışacağam". Eldəniz ailəlidir. 4 övladı, 5 nəvəsi vardır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Aydın Ellazov
İnsanlar
səhhətlərində bir problem yarananda savadlı, təcrübəli həkim axtarırlar. O
problem ürəklə bağlı olduqda isə daha ehtiyatlı olurlar, ağrıyan, narahat
ürəklərini ancaq seçilmiş, peşəkar həkimə etibar edirlər. Mərkəzi şəhər
xəstəxanasının həkim-kardioloqu Aydın Ellazov məhz belələrindəndir. Ömrünün 44
ilini Yevlax səhiyyəsi ilə bağlayan A.Ellazovu indi sahibləndiyi ucalığa ancaq
çalışqanlığı, zəhməti, yuxusuz və narahat gecələri çatdırıb.
O, 1955-ci ildə Yevlax rayonunun Qaramanlı kənd orta məktəbini
bitirdikdən sonra sənədlərini tibb texnikumuna verir, daxil olur, oranı
müvəffəqiyyətlə bitirir. Amma ağ xalatın işığına heyranlıq, həkim peşəsinə olan
vurğunluq onu bir an belə tərk etmir. 1966-cı ildə A.Ellazov təyinatla doğma
Yevlaxa Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu kimi dönür. Az bir vaxtda
həkim-kardioloq kimi tanınır. Yaxşı işi dəyərləndirilir. Ona kardiologiya
şöbəsinin müdiri vəzifəsini həvalə edirlər. 2010-cu ilə qədər bu şöbənin
fəaliyyətinin məsuliyyətini daşıyır. A.Ellazov eyni zamanda Qırmızı Aypara
Cəmiyyətinin nəzdində yaradılmış tibb texnikumunun direktoru vəzifəsində də
çalışır və bacarıqlı tibb işçiləri hazırlanması üçün də qayğısını əsirgəmir.
"Ali dərəcəli kardioloq" fəxri adı, "SSRİ səhiyyə
əlaçısı" döş nişanı A.Ellazovun həkimlik fəaliyyətinin dəyərləndirmələridir.
Onun ömür-gün yoldaşı Fəridə Quliyeva da həkimdir. Qızı Kəmalə də
valideynlərinin yolu ilə gedir. Pediatrdır. Oğlu Anar vergi sistemində çalışır.
Aldığı "Əməkdar həkim" fəxri adının sevincini yaşayan 72 yaşlı həkim
bunu ölkə başçısının insan əməyinə həssas münasibəti ilə əlaqələndirir və bunun
üçün Prezidentə minnətdarlığını bildirir: -Bu təkcə mənim yox, bütövlükdə
Yevlax səhiyyəsində çalışan insanların əməyinə verilən çox böyük qiymətdir və
bizlərdən ən qiymətli sərvət olan insanların sağlamlığı keşiyində ləyaqətlə
durmaq məsuliyyətini tələb edir.
Zemfira Məmmədova
Vaxtilə
onun haqqında belə yazmışdım: "Zemfira həkim qaranlıq otaqda rentgen
cihazının şüa saçan ekranı ilə ondan imdad gözləyən xəstəsinin ümidlə çarpan
ürəyi arasında dayanıb. Sanki nüfuzedici gözlərindəın şəfqət, həssaslıq,
mərhəmət tökülür. Bir an sonra pasiyentinə söyləməli olduğu sözlərin
hərarətiylə isinən həkim, bəzən bu diaqnozun soyuğu, şaxtası ilə donur, üşüyür".
Bu arada ürəyinə daha çox yatan rentgenoloq ixtisasına yiyələnib. 1980-ci
ildən etibarən taleyini indi ona sevimli və mehriban ana qucağı kimi gələn
Yevlaxla bağlayıb. Şəhərimizin çeşidli tibb müəssisələrində rentgenoloq kimi
səviyyəli, peşəkar, öncül və arqumentli fəaliyyəti ilə seçilib-fərqlənib.
Harada işləməsindən asılı olmayaraq həm kollektivin, həm də ona müraciət
edənlərin qəlbini humanizmi, sadəliyi və mərhəməti ilə fəth edib. Bu
günlərdə ölkə başçısı tərəfindən həkimlik praktikasının yüksək dəyərləndirilməsini,
"Əməkdar həkim" fəxri adına layiq görülməsini Zemfira həkim qürur və
iftixarla, həm də böyük minnətdarlıq duyğuları ilə qarşılayır. Deyir ki,
dövlətimizin başçısının ona verdiyi dəyər ömrümə sanki ömür caladı. Göstərdiyi
etimadı daha səviyyəli işlərimlə doğrultmağa çalışacağam.
Tünzalə Şabanova
Tünzalə Şabanova uşaqlıqdan həkim olmaq istəyi onu rahat buraxmayıb. Quş qanadlı illər gənc qızı öz arzusuna aparan ünvana yetişdirib. Necə deyərlər, ilk gündən bəxti ona yar olub, bu gənc mütəxəssis təyinatla rayonun Epidiomoloji şöbəsinə müdir göndərilib. Elə o vaxtdan, yəni 1971-ci ildən müdirdir. Yevlaxımızın Gigiyena-Epidimiologiya Mərkəzinin direktoru kimi böyük bir kollektivə rəhbərlik edən Tünzalə xanım şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında yaxından iştirak edir, onun ən böyük amalı rayonun işıqlı gələcəyi naminə çalışmaqdır. Bir şəxsiyyət kimi olduqca təvazökardır. Dövlətimizin başçısının 12 yanvar 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar həkim" adına layiq görülməsini həyatının ən unudulmaz, ən xoşbəxt olaylarından sayır. Qəlbi sevimli Prezidentinə minnətdarlıq duyğuları ilə çarpan Tünzalə həkim bu yüksək fəxri adı özünün "kiçik əməyinə verilən böyük dəyər" kimi qiymətləndirir. Tünzalə xanım həm də fədakar, istiqanlı bir anadır. 2 övladı, 5 nəvəsi var. Bilmirəm xəbəriniz varmı, amerikan alimləri yenicə elmi yolla sübut ediblər ki, günün 7 saatını nəvələrinə həsr edən, onlarla vaxt keçirən yaşlı insanların ömrü uzun olur. Həkim xanım da nəvələri ilə vaxt keçirməyi çox sevir, əslində bütün asudə saatlarını onlara həsr edir.
Nazim Seyidov
Son dönəmlərin Yevlaxı...
Yenidən tikilən, qurulan, abadlaşan, yaşıllaşan, gündüzlər romantik görünüşlü
bağların, parkların, fəvvarələrin, gecələr minbir rəngli işıqların cazibəsində
gözümüzü-könlümüzü oxşayan şəhərimiz. İndi sizə təqdim etdiyim mühəndis və iş
icraçısı Nazim Seyidov bu gözəlliyi yaradanlardan biridir. Ali məktəbi
başa vurduqdan sonra Vətənə hərbi xidmət borcunu da ləyaqətlə yerinə yetirir.
1989-cu ildən etibarən şəhərin müxtəlif təmir-tikinti idarələrində
çalışır. Amalı və həyat kredosu ülvidir: əməyinin dəyərini, ailə səadətini
yaşadığı, övladlarının dünyaya göz açdığı Yevlaxı şəhərlər içərisində müasir,
yaraşıqlı, cazibədar, hər binası, hər meydanı, hər küçəsi ilə ürəkaçan,
gözoxşayan görmək. Deyirlər, hər arzu qarşıya qoyulan bir məqsəddən
qaynaqlanır. Məqsədyönlü fəaliyyəti Nazim Seyidova bir iş icraçısı və mühəndis
kimi uğur gətirib. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə
respublikanın "Əməkdar mühəndis" fəxri adına layiq bilinən Nazim
Seyidovun sevincinin bu günlərdə sərhədləri görünmür. Görünən odur ki, belə
yüksək dəyər onu gələcəkdə daha yaxşı, daha səviyyəli çalışmağa səsləyir.
Azər Abdullayev
Azər Abdullayev 1951-ci ildə Yevlax rayonunun Aşağı Qarxun kəndində anadan olmuşdur. 1970-ci ildə Gəncə Dövlət Üniversitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1974-ci ildə ali məktəbi bitirib təyinatla Dağlıq Qarabağa getmiş, 1974-cü ildən 1976-cı ilə kimi Şuşada müəllim işləmişdir. 1978-ci ildən 8 №-li məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1994-cü ildən həmin məktəbdə direktor müavini vəzifəsində işləyir. 2012 – ci il onun üçün olduqca əlamətdar və unudulmazdır. Səmərəli fəaliyyətinə görə ökə Prezidentinin Sərəncamı ilə Azər Abdullayev “Tərəqqi” medalına layiq görülmüşdür. Müəllimin şagirdə verdiyi bilik onun bir şəxsiyyət kimi formalaşması, həyatın enişli-yoxuşlu yollarına tab gətirməsi üçün mənəvi azuqədir. Bu azuqəni yetirmələrindən əsirgəməyən Azər müəllim istedadlı müəllim olduğu qədər də, hamının, həm həmkarlarının, həm də bu məktəbdə təhsil alan bütün şagirdlərin sevgisini qazanmağa nail olmuş humanist bir insandır. Üç övladı iki qızı bir oğlu, və iki nəvəsi var.
Vaqif Quliyev
"Əməkdar müəllim" fəxri adını almış
bir həmyerlimiz də hamınızın yaxşı tanıdığı ziyalılarımızdandır. Vaqif Quliyev
yurdumuzun Xaçmaz bölgəsinin Alekseyevka kəndində doğulub boya-başa çatsa da,
1968-ci ildən, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Bədən Tərbiyəsi
İnstitutunu bitirdikdən sonra üz tutduğu Yevlaxı özünə sözün həqiqi mənasında
doğma bilir.
Onun əmək bioqrafiyasında
Uşaq-gənclər idman məktəbində dərs hissə müdiri, 1 saylı şəhər orta məktəbində
bədən tərbiyəsi müəllimi və nəhayət artıq 27 ildir ki, Şahmat məktəbinin
direktoru kimi çalışmalar daxildir. 71 yaşlı idman mütəxəssisi həm də ailə
başçısıdır.
Kamil Həmzəyev
Müdriklik kitabı "Kəlilə
və Dimnə" də belə bir pritça var: "Dəfələrlə sübut olub, hər dövrün
öz gərdişi, hər peşənin öz adamı, hər adamın öz işi var". Kamil Həmzəyev
bu mənada xoşbəxt adamdır, çünki o məhz öz işi ilə məşğul olur, adına yaraşan
tərzdə peşəsində də kamildir, uğurludur. 1950-ci ildə rayonumuzun Nəmərli
kəndində doğulan Kamil Gəncədə ali pedaqoji təhsil aldıqdan sonra bir müddət
Ağdaşda işləyib. Yenidən doğma Nəmərli kəndinə qayıdan gənc müəllim buradakı
orta məktəbdə müəllim, direktor müavini, hətta direktor da işləyib. Özünü
savadlı, bilikli və bacarıqlı bir pedaqoq kimi daim təsdiq edib. 1990-cı ildən
üzübəri şəhərimizin qabaqcıl tədris ocaqlarından sayılan 4 nömrəli məktəbdə
dərs hissə müdiri kimi cəmiyyətimizə çox gərəkli olan pedaqoji fəaliyyətlə
məşğuldur. Sevib-seçdiyi ömür-gun yoldaşı da müəllimədir və bu faktı
mütləq vurğulamağa dəyər ki, Kamil müəllimlə yanaşı bir kollektivdə həyat
yoldaşı və onların yolunu davam etdirən qızları da təhsil işçisi kimi
çalışırlar. Bu da uğurun və səadətin daha bir akkordu deyilmi?
"Əməkdar müəllim" fəxri adının təəssüratlarını Kamil müəllimin
dilindən belə eşidirik: "Azərbaycanı sevən və azərbaycanlılar tərəfindən
sevilən dövlət başçımızın mənim əməyimə verdiyi bu qiyməti Yevlaxın bütün
təhsil sferasına aid edirəm. Bu dəyər bizdən milli təhsilimizə daha böyük, daha
müasir yanaşmalar, səviyyəli pedaqoji çalışmalar tələb edir. Böyük etimada
layiq olmalıyıq".
Paşa Orucov
Sadə bir həmkarlar
ittifaqı işçisinə Azərbaycan Prezidentinin belə yüksək dəyər verməsi ürəyimi
dağa döndərdi,mənə yeni bir yaşamaq, işləmək, çalışmaq stimulu, həyat eşqi
bağışladı. İnanın ki, mən qətiyyən bunu gözləmirdim. Və gözləmədiyim bu
mükafatın ikiqat sevincini, səadətini yaşayıram. Azərbaycanı dünya dövlətləri
sırasına çıxaran möhtərəm Prezidentimizə,daxili və xarici siyasəti ilə
mükəmməllik yaradan,ulu öndərin layiqli davamçısı İlham Əliyev cənablarına
minnətdaram. "Tərəqqi" medalına layiq görülməyim həyatımın ən xoşbəxt
səhifəsi,ən uğurlu mərhələsidir.
Bu sözlərin müəllifi Paşa Orucov 1958-ci ildə şəhərimizdə doğulub. Ali təhsilli
mütəxəssisdir. Bir çox təşkilat və qurumlarda çalışıb.2004-cü ildən etibarən
çalışanların mənafeyini müdafiə edən həmkarlar ittifaqı sahəsində fəaliyyət
göstərir. "Kənd.Qida.İş" Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin
sədridir.
Ailəlidir.İki övladı vardır.
Knyaz Əliyev
Ölkə Prezidenti İlham Əliyev
cənablarının imzaladığı sərəncamla "Tərəqqi" medalı ilə təltif
olunmasını Knyaz Əliyev böyük sevinc və minnətdarlıq hissi ilə qarşıylayır.
Deməyə sözü çoxdur. Bildirir ki, şükürlər olsun, ölkəmiz müstəqillik qazandı,
ulu Heydər Əliyevin yenidən, həm də respublikamızın taleyinin ən ağır
mərhələsində hakimiyyətə gəldi, bir xoşbəxtlikdir ki, onun fiziki yoxluğundan
sonra layiqli varisi olan İlham Əliyev cənabları xalqın iradəsi ilə artıq
ikinci müddətə ölkəmizin Prezidentidir.
Bizim də K.Əliyev barədə deyəcəklərimiz var.
1939-cu il doğumlu olan K.Əliyev ixtisasca mühəndisdir. 1961-ci ildə Azərbaycan
Politexnik İnstitututunun avtomobil yollarının tikintisi və istismarı
fakültəsini bitirib. Elə həmin ildən də şəhərimizdəki 4 saylı yol istismar
sahəsində mühəndis, baş mühəndis, daha sonra Dəmir-beton məmulatları zavodunda
direktor vəzifələrində işləyib.
Təcrübəsi, biliyi və bacarığı diqqəti cəlb edən K. Əliyev uzun müddət Yevlax
Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.
Daha sonra Tütün fermentləmə zavodunun direktoru, "Tütün fermentləmə"
MMC-nin sədri vəzifələrində fəaliyyət göstərib.
İdris Nəbiyev
O, muğamlarımızın mahir
ifaçılarındandır. El arasında "Zil İdris" adı ilə məşhurdur. Onunla
söhbətə də elə "Zil İdris"in yaranması ilə başladıq. Bildirdi ki,
zildə ifa etmək hər oxuyanın işi deyil. Amma o nəinki muğam və mahnılarımızı,
bu yaşacan apardığı toy şənliklərində bəy tərifini belə zil səslə, həm də
əziyyət çəkmədən, sərbəst gəzişmələrlə oxuyub. Odur ki, "Zil İdris"
kimi də tanınır.
"Əməkdar mədəniyyət işçisi" fəxri adını alması münasibətilə təbrik
etdiyimiz xanəndə İdris Nəbiyevlə söhbətin mabədi də olduqca maraqlıdır.
Azərbaycan muğamının ünlü ifaçıları Xan Şuşinski, Arif Babayevlə həmişə məclis
yola salıblar.
İdris Nəbiyev fəxrlə bildirir ki, muğamlarımızın hamısını dəsgah halında ifa
edib. Xanəndə respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
millət vəkili Mehriban xanım Əliyevaya qəzetimiz vasitəsilə minnətdarlığını
çatdırmağımızı da xüsusi xahiş edir:-Məhz onun sayəsində bu gün muğamımız
dünyanı dolaşır, ifaçılığın gəncləşməsi qayğısına qalınır, yəni xalqın bu
sahəyə sevgisi olan istedadlı oğul və qızları seçilir, muğamımız etibarlı
əllərə tapşırılır.
Oğul-uşaq, nəvə sahibi olan İdris Nəbiyev bu gün də səsi ilə musiqi və toy
məclislərini bəzəyir, insanlara mənəvi zövq verir.
Tofik İskəndərov
Hamımızın yaxşı tanıdığı,
şəhər Uşaq- Gənclər İdman Məktəbinin direktoru, "Tərəqqi" medallı
Tofiq İsgəndərov daha bir fəxri ada- "Respublikanın əməkdar məşqçisi"
fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
həmyerlimizi rayonda idmanın kütləviliyinə nail olduğuna, gənclərin fiziki
sağlamlığı naminə fəaliyyətinə görə təltif edib.
Məlumat üçün bildirmək istərdik ki, Tofiq İsgəndərovun pedaqoji fəaliyyəti
2010-cu ildə daha böyük mükafata layiq görülmüşdü. Ölkə Prezidenti İlham Əliyev
cənablarının Sərəncamı ilə o, "Tərəqqi" medalı ilə təltif edilmişdi.
Tofiq İsgəndərov 1973-cü ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki
Bədən Tərbiyəsi və İdman Akademiyasını) bitirdikdən sonra şəhərimizdəki 1
nömrəli tam orta məktəbdə bədən tərbiyəsi və idman müəllimi kimi fəaliyyətə
başlayıb.
On il sonra, 1983-cü ildə ona etimad göstərilir, şəhərimizdə yeni yaradılmış
Uşaq-Gənclər İdman Məktəbinə əvvəl dərs hissə müdiri, 1992-ci ildən isə
direktor vəzifəsinə irəli çəkilir. Artıq 20 ildir ki, Tofiq İsgəndərov
şəhərimizdə gənc idmançıların yetişdirilməsi sahəsində öz uğurları olan
Uşaq-Gənclər İdman Məktəbinə rəhbərlik edir.
Əldə etdiyi nailiyyətlərin sevincini bölüşür və Tofiq İsgəndərovu yeni mükafatı
münasibətilə ürəkdən təbrik edirik.
Mustafa Əhmədov
Mustafa Əhmədov ixtisasca jurnalistdir. Əmək
fəaliyyətinə mürəttib kimi başlayan həmkarımız Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində qiyabi yolla təhsilini də davam etdirib, işlədiyi
"Təşəbbüs" qəzetində korrektor, ədəbi işçi,baş ədəbi işçi, şöbə
müdiri, redaktor müavini və redaktor kimi fəaliyyət göstərib.
M.Əhmədov həm də o zaman ali
siyasi təhsil verən Ali Partiya Məktəbini də bitirib və müxtəlif illərdə
Azərbaycan KP Yevlax Şəhər Komitəsində təlimatçı və şöbə müdiri kimi çalışıb.
Oxumağa böyük marağı və həvəsi olan M.Əhmədov həm də Kənd Təsərrüfatı
Akademiyasının məzunudur. Təşkilatçı-iqtisadçıdır.
1-ci dərəcəli dövlət qulluqçusu
ixtisas dərəcəsi olan M.Əhmədov 10 ilə yaxındır ki, Yevlax Statistika
İdarəsinin rəisidir.
1992-ci ildən YAP-ın üzvü olan
M.Əhmədov elə həmin ildən də YAP Siyasi Şurasının üzvüdür. Üç qız, iki oğul
atasıdır.
M.Əhmədov gözəl qələmi olan
jurnalist kimi "Qızıl qələm" mükafatı laureatıdır. Amma səmimi
şəkildə etiraf edir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamda adını
"Tərəqqi" medalı alanların sırasında görəndə sevincinin həddi-hüdudu
olmayıb və bu sevinci ona yaşatdığına görə dövlət başçısına minnətdardır.
Məmməd Qəhrəman
Məmməd
Qəhrəman oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Yeddi illik təhsilini
Yevlax şəhər dəmiryol məktəbində başa vurmuşdur. Böyük vətən müharibəsi
dövründə 1942-ci ilin avqustundan 1943-cü ilin oktyabrına kimi yevlaxda
yerləşən hərbi aviasiya məktəbində əvvəlcə sürücü, sonralar isə tornaçı
işləmişdir. 1943-cü ildən - 1948-ci ilə kimi Yevlax mülki aviasiya idarəsində
çalışmışdır. 1949-1952-ci illərdə Yevlax şəhər partiya komotəsində şöbə müdiri
vəzifəsində işləmişdir. M.Məmmədov 1952-ci ildən həyatını mətbuatla bağlayıb.
“On il Yeni Yevlax” qəzetində məsul katib işləyib. 1965- ci ildə Yevlax şəhər
birləşmiş məətbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu müddət ərzində
yaradıcılıqla müntəzəm məşğul olmuş, onun müxtəlif janırlı məqalələri, ser və
hekayələri rayon qəzeti ilə yanaşı “ Ədəbiyyat və incəsənət ” qəzetində, habelə
“Ulduz”, “Kirpi ” jurnallarında dərc olunmuşdur. M. Məmmədov təqaütddə olarkən
belə mətbuatdan, yazıb yaratmaqdan uzaq düşməmişdir. Yevlax oxucularının Məmməd
Qəhrəman kimi tanıdıqları qocaman yazarın bir-birindən maraqlı hekayə, rəvayyət
və satirik şerləri Kür qəzetində müntəzəm dərc olunmuşdur.
İlk
şerlər kitabı “Qəlbimə köçən dünya” adı ilə çap olnmuşdur. Şairin ikinci kitabı
isə “ Oxunmamış dastandır sinəm”, üçüncü kitabı isə “Bir dünya sevinc” adlı
kitabları olmuşdur. “Bir dünya sevinc”şairin bütün yaradıcığının toplusudur.
Kitaba ön sözü həmyerlimiz şair, filologiya elimləri doktoru, professor Zahid
Xəlil yazmışdır.